5 İyul 2017 15:04
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə bölgəsində təxribatlara ara verməyən işğalçı Ermənistanın hərbi qüvvələri yaşayış məntəqələrimizi atəşə tutmaqla dinc sakinlərin evlərini, məktəb binalarını dağıdır. Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinin imzalandığı 1994-cü ildən bu günə qədər erməni tərəfi bu razılaşmanı daim pozub, üzərinə götürdüyü öhdəliyə, beynəlxalq qanunlara hörmətsizlik nümayiş etdirib. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi məqsədilə bu günə qədər aparılan danışıqlarda hər hansı irəliləyiş, yaxud ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, prezidentlərin iştirakı ilə hansısa razılıq əldə olunduğu zaman Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində müxtəlif təxribatlar törədiblər. Bu təxribatların qarşısı Azərbaycan hərbçiləri tərəfindən alınanda, düşmənə sarsıdıcı zərbələr vurulanda isə qarşı tərəf bunun qisasını daim mülki əhalidən çıxıb. Öz məğlubiyyətini və acizliyini həzm edə bilməyən erməni yaraqlıları mülki əhalini hədəfə alaraq, yaşayış binalarını, mal-qaranı, əkin-biçin sahələrini güllə və mərmi yağışına tutur.

Teleqraf.com Modern.az-a istinadən atəşkəs dövründə Ermənistan silhalı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi bəzi təxribatların xronologiyasını təqdim edir.

2011-ci il martın 8-də Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperinin atəş açması nəticəsində Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlov həyatını itirib. Həmin vaxt balaca Fariz başından ağır yaralanıb və xəstəxanaya aparılarkən dünyasını dəyişib.

2016-cı ildə Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində düşmənə məxsus partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə ağır xəsarət alıb. Araşdırmalar zamanı məlum olub ki, partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

2016-cı ilin iyulun 14-də erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində isə Tovuzun Ermənistanla təmas xətində yerləşən Əlibəyli kəndində 12 yaşlı Nərmin Xanbabayevə, onun 8 yaşlı qardaşı Tuncay və 44 yaşlı Durdanə Nağıyevaya ağır yaralanıblar.

2016-cı ilin aprelin 4-də Ağdam rayonun Sarıcalı kəndinə ermənilərin ağır artilleriyadan açdığı atəşlər nəticəsində 3 mülki şəxs həlak olub, 5 yerli sakin yaralanıb. Həmçinin, işğalçı qüvvələr təmas xəttində yerləşən məktəblərə, infrastruktur obyektlərinə, mülki əhaliyə ciddi ziyan vurub.

2016-cı ilin aprelin 4-də düşmən Ağdam rayonun Əhmədağalı kəndinə mərmi atıb. Atılan mərminin nəticəsində Dadaşov Qaraş Şahlar oğlu həlak olub, onun otardığı qoyunlar isə tələf olub.

Ötən ilin aprelin 4-ü axşam saatlarında ermənilər Ağdamın cəbhə xəttindən xeyli uzaqda yerləşən Üçoğlan kəndini reaktiv artilleriyadan və toplardan atəşə tutub. Kənd sakinlərindən Bəxtiyar İbrahimovun evi tamamilə yanıb. Bəylər Əkbərov və Ədalət Məhərrəmovun isə evlərinin dam örtüyü və həyətlərindəki tikililər dağılıb. Hadisə nəticəsində Ədalət Məhərrəmovun bacısı qızı, 16 yaşlı Pakizə Məhərrəmli baş nayihəsindən yaralanıb.

Ermənilərin növbəti təxribatlarından biri də bu ilin aprelin 6-da günorta saatlarında baş verib. Düşmənin silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Hadisə nəticəsində Qapanlı kəndində iki həyətə 4 ədəd 60 mm-lik mərmi düşüb. Mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Dünən saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər