Teleqraf.com xəbər verir ki, bu sözləri Almaniya Bundestaqının CDU/CSU koalisiyasından olan deputatı Katrin Albsteiger ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna münasibət bildirən zaman deyib.
O bəyan edib ki, BMT-nin məlum 4 qətnaməsinə görə, beynəlxalq hüquq Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bu qətnamələrin yerinə yetirilməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması zəruridir.
"Azərbaycan da daxil olmaqla hər bir dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyi toxunulmazdır. Dövlətlərin ərazi bütövlüyünün qorunması bütün beynəlxalq ictimaiyyətin marağında olmalıdır. Qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququ var. Onların öz yurdlarına qayıdışı yalnız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının təmin edilməsi ilə mümkündür.
Avropa İttifaqı kimi Almaniya Federativ Respublikası da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. O, regionda sülhün bərqərar olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün lazımi töhfələr verməyə hazırdır".