8 İyul 2017 22:17
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri senator Sercio Divina Ermənistanın təcavüzünü pisləyən bəyanatlar verib

Teleqraf.com xəbər verir ki, İtaliya Parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri senator Sercio Divinanın İtaliyanın "Agenzia Nova" xəbərlər agentliyinin saytında və "L'Opinione" qəzetində 4 iyul Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə hücumu, 82 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması və nəticədə mülki azərbaycanlıların, yaşlı qadının və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər şəxsin yaralanması və mülki obyektlərə zərər yetirməsini pisləyən, eləcə də Ermənistanın işğalçılıq siyasətini tənqid edən açıqlamaları dərc olunub.

"Məni bu balaca qızın və onun nənəsinin nəşinin şəkilləri dəhşətə gətirdi, istər onların qətlə yetirilməsi, istərsə də münaqişənin davam etməsi beynəlxalq mətbuatda geniş işıqlandırılmalıdır", deyən italyan senator törədilənlərin vandalizmdən başqa bir şey olmadığını, Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, o cümlədən qadın, uşaq və qocalardan ibarət mülki əhaliyə qarşı hücumların birbaşa, hədəflənən, sistematik xarakter daşıdığını və Ermənistanın azərbaycanlı mülki əhaliyə və mülki obyektlərə birbaşa və məqsədyönlü ziyan vurmasının beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğunu bildirib.

"Mən dəfələrlə bildirmişəm ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir. Beynəlxalq ictimaiyyət, xüsusilə də, ATƏT-in Minsk Qrupu həmsədrləri beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status-kvonun dəyişdirilməsini tələb etməlidirlər", deyə italyan senator vurğulayıb.

Habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavü barədə də məlumat verən senator Divina qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticəsi olaraq, bu gün Ermənistan Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etməkdə, qaçqın və məcburi köçkünə çevrilmiş bir milyon azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirməkdə, beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda, Xocalı soyqırımı da daxil olmaqla çoxsaylı müharibə cinayətləri törətməkdə və Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını və məcburi köçkünlərin öz torpaqlarına geri dönməsini təmin etməyi tələb edən bir çox beynəlxalq sənədlərə məhəl qoymamaqda davam edir.

Fikirlərinə davam edən italyan senator vurğulayıb ki, Ermənistan münaqişənin həllində maraqlı deyil və bu ölkənin məqsədi status-kvonu saxlamaqdır. "Bu qəddar münaqişənin həlli üçün status-kvo dəyişməlidir ki, bu da Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması deməkdir. Ermənistan qoşunlarının həmin ərazilərdə mövcudluğu münaqişənin həllinə əsas maneədir. Münaqişənin həllinə və regionda davamlı sülhə nail olmaq üçün Ermənistan substantiv danışıqlarda konstruktiv iştirak etməlidir. Azərbaycanın dostu olan italyan xalqı, o cümlədən mətbuat vasitəsilə də baş verənlər barədə məlumatlandırılmalıdır və 2018-ci ildə ATƏT-ə sədrlik edəcək İtaliya hökuməti sülh yolunun axtarılmasında fəal iştirak etməlidir", deyə senator Divina fikirlərini yekunlaşdırıb.

Eyni zamanda, ATƏT Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin üzvü olan senator Sercio Divina Minskdə keçirilən ATƏT Parlament Assambleyasının plenar iclasında da çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavünü və dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi son cinayətləri qəti pisləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər