Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilən blogger Aleksandr Lapşinin İsrailə ekstradisiyası ilə əlaqədar məsələdə irəliləyiş yoxdur.
Teleqraf.com xəbər verir ki, bu sözləri Aleksandr Lapşinin vəkili Eduard Çernin “RİA Novosti”yə açıqlamasında deyib.
İsrailin hüquqlarını müdafiə etdiyi şəxsin ekstradisiyası üçün Azərbaycanın Ədliyyə Nazirliyinə müraciət edib-etmədiyi barədə suala Çernin belə cavab verib: “Bu məsələdə heç bir irəliləyiş yoxdur”.
Qeyd edək ki, Aleksandr Lapşin iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib. Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib. A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunub.
Aleksandr Lapşin məhkəmədə son söz deyərkən Azərbaycan xalqına mənəvi əzab verdiyi üçün peşman olduğunu bildirib: “Mən peşmanam ki, Qarabağa səfər edərək, işğal nəticəsində əziyyət çəkən sakinlərə mənəvi əzab vermişəm. Mənim işğal haqqında təsəvvürüm olmayıb. Burada olanda da mənə yaxşı münasibət göstərilib”.