14 Noyabr 2017 15:58
3 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib. Bu vəzifəyə Gündüz Kərimov təyinat alıb. Bununla da birinci vitse-prezidentin köməkçilərinin sayı 4 nəfərə çatıb. Bəs, Gündüz Kərimov kimdir? Əvvəllər hansı vəzifələrdə çalışıb?

Teleqraf.com birinci vitse-prezidentin yeni köməkçisinin tərcümeyi-halını təqdim edir.

Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göy-Göl şəhər 1 nömrəli orta məktəbini bitirib. 1994-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib. 1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş “Beynəlxalq humanitar hüquq” üzrə müsabiqədə 2-ci yer qazanıb.

2001-2002-ci illərdə ABŞ-ın İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib.

2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub.

Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimidir.

2008-ci ildə “Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda hüquq üzrə fəlsəfə doktoru – alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Hüquq üzrə fəlsəfə doktorudur. Onun fəaliyyət sahəsi beynəlxalq kommersiya arbitrajı, əqli mülkiyyət hüququ, kommersiya hüququ və mülki proses kimi sahələri əhatə edir.

Azərbaycan Respublikasının patent müvəkkilidir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvüdür. 1 iyul 2017-ci il tarixdən Fransanın paytaxtı Paris şəhərində yerləşən Beynəlxalq Ticarət Palatasının Beynəlxalq Arbitraj Məhkəməsinin Azərbaycandan üzvüdür.

G.Kərimov 1998-1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999-2001-ci illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistant, 2002-2011-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim, 2011-2014-cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini işləyib.

2014-cü ildən hal-hazıradək BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəri, 2002- ci ildən hal-hazıradək “Baker & McKenzie” hüquq şirkətinin Bakı ofisinin hüquqşünası, baş hüquqşünası, partnyoru, 2012-ci ildən isə Bakı ofisinin İdarəedici Partnyorudur.

2002-2017-ci illərdə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Türkiyə, İtaliya, İspaniya, İsveçrə, Honq Konq və digər dövlətlərdə bir sıra konfrans və seminarlarda iştirak edib.

G.Kərimov dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən Azərbaycanda kommersiya hüququ üzrə aparıcı hüquqşünaslar siyahısına daxil edilib. O, “Chambers Global” tərəfindən 2012-2017-ci illərdə Azərbaycanın aparıcı hüquqşünası, “Legal500” 2015, 2016, 2017-ci illərdə Azərbaycanın aparıcı hüquqşünası, “IFLR1000” tərəfindən 2017-ci ildə Azərbaycanın aparıcı hüquqşünası seçilib.

G.Kərimov Azərbaycan dilindən savayı ingilis, rus, türk dillərini bilir.

Evlidir, iki övladı var.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər