ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi İsrail-Fələstin münaqişəsinin bundan sonra daha da şiddətlənməsinə və Fələstin ərazilərinin növbəti dəfə işğalına zəmin yaradacaq.
Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, D.Trampın Qüds qərarının Fələstin muxtariyyətinin lideri Mahmud Abbasın ABŞ-ın irəli sürdüyü sülh planını qəbul etməməsindən sonra verilməsi bir növ təzyiq vasitəsi sayılmalıdır:
“Trampın kürəkəni Cared Kuşnerin kurasiyasında olan bu sülh planı Fələstin xalqının iradəsinə ziddir. BMT-nin 1947-ci il qətnaməsinə uyğun olaraq Fələstinə aid olan Şərqi Qüds 1967-ci ildə İsrail tərəfindən işğal olunub. İsrail 1980-ci ildə Qüdsü özünün tarixi və bölünməz paytaxtı elan edib. Ancaq dünya dövlətləri Tel-Əvivin bu qərarına sərt təpki göstərərək, Qüdsü İsrailin paytaxtı kimi tanımayıb”.
M.Əsədullazadə bildirib ki, hazırda İsrailin de-fakto nəzarətində olan Qüds üç səmavi dinin beşiyi və beynəlmiləl şəhərdir:
“Qüds həm İsrail oğullarının, həm də fələstinlilərin şəhəridir. Qeyd edim ki, fələstinlilər etnik cəhətdən ərəb deyil, misirlilərlə eyni kökə malik bir xalqdır. İslam dinini qəbul edəndən sonra ərəbləşiblər. Donald Trampın Qüds qərarı BMT Baş Assambleyasında hüquqi cəhətdən qüvvədən salınıb. Ancaq İsrail və ABŞ öz siyasətindən əsla geri çəkilməyəcək”.
İsrail rəhbəriliyinin Fələstinə aid olan Şərqi Qüdsdə yəhudilər üçün 300 minlik yaşayış məskəni salmağa qərar verdiyini xatırladan siyasi ekspert əlavə edib ki, bu qərar Qüdsün fələstinlilərdən təmizlənməsi və İsrail-Fələstin danışıqlarının sonu deməkdir:
“Ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı Qüdsün yəhudiləşməsinə seyrçi qalaraq Fələstin dövlətinin yaradılmasının üstündən xətt çəkdi. Vurğulamaq lazımdır ki, Səudiyyə Ərəbistanının bu qərarı HƏMAS və Mahmud Abbas kabineti arasında olan ziddiyyətlərdən irəli gəlir”.
Qeyd edək ki, D.Trampın Qüds qərarına adekvat olaraq, dünya birliyi, o cümlədən Fransa, Türkiyə və Çin Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıyacaqlarını elan edib. Bu istiqamətdə də fikirlərini bölüşən M.Əsədullazadə müsəlman ölkələri və Avropa ölkələrinin analoji addım atacaqları təqdirdə Azərbaycanın da belə bir qərar verməsinin Tel-Əviv-Bakı əlaqələrində qırılma ola biləcəyini vurğulayıb:
“Azərbaycan ilk növbədə dünyada yaşanan gərgin siyasi böhran situasiyasında gözləmə mövqeyi tutmalı, Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanımağa tələsməməlidir. Çünki İsraillə Azərbaycan arasında sıx hərbi-siyasi əlaqələr mövcuddur. Bəzi dövlətlərə görə İsrail kimi hərbi tərəfdaşımızla əlaqələri zəiflətməməliyik. Azərbaycan Qüds məsələsi ilə bağlı indiyədək verdiyi qərarlarda beynəlxalq hüquqa istinad edib. Qüds və Fələstin məsələsi ətrafında bundan sonra cərəyan edən siyasi proseslər müəyyən dövlətlərin nüfuz uğrunda savaşından irəli gələcək. Azərbaycan üçün Qüds problemi nisbətən arxa plana keçməlidir”.