4 Yanvar 2018 12:02
2 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Suriyadakı Xmeymim hərbi hava bazasına dekabrın 31-də silahlı şəxslər tərəfindən hücum edilməsi, çox sayda hərbi təyyarənin və zirehli texnikanın sıradan çıxarılması, bazaya ciddi ziyan vurulması Suriyada müharibənin yeni fazaya keçdiyini göstərir.

Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, silahlı şəxslərin hücumunun Yeni il gecəsi həyata keçirilməsi təsadüf deyil:

“Onlar bilirdilər ki, başları bayram şənliyinə qarışmış rus hərbçiləri ciddi qarşılıq verməyə imkan tapmayacaq və bununla da baza ciddi tələfata uğrayacaq. Göründüyü kimi, silahlıların əməliyyatı uğurlu alınıb və Rusiya Müdafiə Nazirliyi hər vəchlə bu hadisəni gizlətməyə çalışır”.

Ekspert bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Suriyada müharibənin başa çatdığını və İŞİD-i məğlub etdiklərini elan edəndən sonra belə bir hücumun reallaşması, müharibənin əslində başa çatmadığından, Rusiyaya ikinci Əfqanıstan hazırlandığından xəbər verir:

“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bir müddət bundan əvvəl kəşfiyyat məlumatlarına istinadən ABŞ-ın Suriyanın cənubunda İŞİD və digər silahlıları hücuma hazırladıqlarını və onları Rusiya ilə döyüşməyə göndərdiklərini açıqlamışdı. Xmeymim hərbi hava bazasına hücumun əvvəlcədən planlaşdırılması və yüksək səviyyədə təşkil olunması bu iddiaları təsdiqləyir”.

M.Əsədullazadə daha sonra bildirib ki, Suriyada rusiyalı hərbçilərə hücumların intensiv xarakter alacağı gözləniləndir:

“ABŞ istehsalı olan müasir silahlarla təchiz olunmuş və ciddi təlim keçmiş silahlılar Rusiya və Suriya hərbçilərinə bu cür öldürücü zərbələr vuracaq. Onu da qeyd etmək lazımdır ki, Rusiya Suriyada indiyədək bir gündə bu qədər itki verməmişdi. Rusiyanın Suriyada ABŞ-ın təlim keçdiyi silahlılara qarşı əks əməliyyatının da uğurlu olmayacağını düşünürəm”.

Qeyd edək ki, 2017-ci il dekabrın 31-də terrorçuların Xmeymim hərbi hava bazasına hücumunun nəticələri barədə yeni məlumat yayılıb. “Kommersant” qəzeti hərbi-diplomatik mənbələrə istinadən yazıb ki, minaatanlardan açılan atəş nəticəsində Rusiyaya məxsus 4 ədəd Su-24 bombardmançı təyyarəsi, 2 ədəd Su-35S çoxtəyinatlı qırıcı təyyarəsi və 1 ədəd An-72 hərbi nəqliyyat təyyarəsi məhv edilib. Həmçinin, döyüş sursatları olan anbarda partlayış baş verib. Ondan çox rusiyalı hərbçinin yaralandığı bildirilir. Rusiya Müdafiə Nazirliyi hadisəni şərh etməyib. Daha əvvəl yayılan məlumatda bazanın atəşə tutulduğu bildirilmişdi.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər