14 Fevral 2018 09:14
4 895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Egey dənizində türklərin Qaradağ, yunanların Kardak adlandırdıqları kiçik bir ada var. Türkiyə və Yunanıstan bu ada üzərində suverenliyə malik olmaq uğrunda bir-birləri ilə mübahisə edirlər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, qeyd edib ki, təxminən bir ay öncə Yunanıstanın müdafiə naziri gəmi ilə Qaradağ adasına doğru istiqamətlənirdi:

“Yunanıstan kəşfiyyatı yunan müdafiə nazirinin Kardak adasına qalxmasını və bunun video-görüntülərinin dünyaya yayılmasını nümayiş etdirmək istəyirdi. Amma türklər bunun qarşısını aldılar, xəbərdarlıq etdilər və müdafiə nazirinin olduğu gəminin önünü kəsdilər. Müdafiə naziri insident olmaması üçün geri qayıtdı. Yunanlar hər dəfə bir provokasion addım ataraq bölgədə qarşıdurma yaratmağa çalışırlar. Üç gəmi Qaradağ adasına yaxınlaşıb, bunu görən Türkiyə Sahil Mühafizəsinə məxsus gəmilər həmin gəmilərə siqnal verərək burdan çıxıb getmələrini tələb edib. Ancaq onlar tabe olmadıqda gəmilərdən biri tarana gedib və yunan gəmisini zədələyib. Bundan sonra yunan gəmiləri ərazidən uzaqlaşıblar”.

Q.Hüseynli bildirib ki, Yunanıstan Ermənistanla artıq bir neçə aydır birləşərək Türkiyə əleyhinə ABŞ-da çox ciddi təbliğat qurub:

“Məlum olduğu kimi, ABŞ-da yəhudi lobbisindən sonra ikinci yeri yunan, daha sonra isə erməni lobbisi tutur. ABŞ Türkiyəni öz orbitində saxlamaq və Rusiyaya meyillənməsinin qarşısını almaq üçün ona silah satmaq barədə qərar qəbul edib. Bu silahların içərisinə ən müasir silahlar, eləcə də çox dəhşətli manevr qabiliyyətinə malik olan və qırıcılar içərisində beşinci nəsil qırıcı hesab edilən F-35 tipli təyyarələr satmağa da icazə verib. Türkiyə dərhal 100 ədəd F-35 alacağına dair sifariş göndərib və bu sifariş də qəbul edilib. İndi yunan və erməni lobbisi birləşərək Konqres və Senat qarşısında belə məsələ qaldırırlar ki, alınan həmin F-35 təyyarələri Ermənilərə və Yunanıstana bomba yağdıracaq. Yəni, çox səviyyəsiz və həqiqətdən uzaq əks-təbliğat metodlarına müraciət etməklə ABŞ-ın Türkiyəyə silah satmasının qarşısını almağa çalışırlar. Zənnimcə, ABŞ üçün daha təhlükəlisi Türkiyənin NATO-dan çıxması və Rusiya ilə alyansa gedə bilməsi ehtimalıdır. Vaşinqton bunun qarşısını almaq üçün lobbiçilərin hərəkətlərinə də diqqət yetirən deyil və həm hava hücumdan müdafiə sistemlərini, həm də F-35 tipli təyyarələri Türkiyəyə satmağa çalışacaq. Onu da qeyd edim ki, Türkiyənin hazırda istifadə etdiyi F-16-lar da ABŞ tərəfindən verilib, sonradan onun istehsalı Türkiyədə təşkil edilib”.

Politoloq əlavə edib ki, göründüyü kimi, yunan və erməni lobbisi, eləcə də Yunanıstan və Ermənistan dövləti həmişə olduğu kimi türk dünyasına və türk dünyasının lideri olan Türkiyəyə qarşı birləşiblər. Bu birləşmənin əsas niyyətləri Türkiyənin mövqeyini zəiflətməkdən, onun dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsinin, – hansı ki, artıq çevrilməkdədir, – qarşısını almaqdan ibarətdir. Ancaq onlar buna müyəssər olmayacaq. Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən biri kimi irəliləməkdə davam edir və bunun qarşısını kimsə ala bilməyəcək”.

Qeyd edək ki, Yunanıstan Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmi Egey dənizində Qaradağ adası yaxınlığından Türkiyənin ərazi sularına daxil olub. Bu zaman Türkiyə Sahil Mühafizə Xidmətinə məxsus gəmi hərəkətə keçib və yunan gəmisinə xəbərdarlıq edib. Olay zamanı yunan və türk gəmiləri toqquşub. Hadisə nəticəsində Yunanıstana məxsus gəmi zərər çəkib.

Bu günlərdə yayılan bir məlumatda isə bildirilirdi ki, Yunan-Amerikan Liderlik Şurası Türkiyə ilə bağlı yeni kampaniyaya başlayıb. Kampaniyada məqsəd Türkiyəyə F-35 qırıcılarının satışının dayandırılmasıdır. Bu işdə şuraya Amerika Erməni Milli Komitəsi yardım edir. Onlar bu məqsədlə ABŞ senatorları ilə görüşlər keçirir. Görüşlər zamanı Türkiyənin Yunanıstan, Kipr, Suriya, Ermənistan və İsrail məsələsində NATO və müttəfiqləri ilə münasibətlərini pozduğunu, Ankaranın F-35-lərin texnologiyası ilə bağlı Rusiya və İranı məlumatlandırdığını bildirirlər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər