3 Mart 2018 17:56
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:50

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı başsağlığı verib.

Bu barədə Belarus prezidentinin saytı məlumat yayıb.

Belarusun dövlət başçısı Azərbaycan xalqının dərdinə şərik olduğunu bildirərək, xəsarət alanlara şəfa diləyib./Report/

***

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Bu barədə Report-a Aİ-nin Azərbaycan Nümayəndəliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Biz həyatını itirən insanların ailələrinin və Azərbaycan xalqının dərdinə şərik olub yaralılara şəfa diləyirik", - deyə Nümayəndəlikdən bildiriblər.

***

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycanın paytaxtı Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması xəbəri bizi çox kədərləndirdi.

Zati-aliləri, bu hüznlü vaxtda Sizə, qardaş Azərbaycan xalqına, həmçinin həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir və kədərinizə şərik olduğumu bildirirəm.

Həlak olanlara Ulu Tanrıdan rəhmət, onların yaxınlarına səbir diləyir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

Qeyd edək ki, 2018-ci il martın 2-də, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər