İttihamin əsasında hər zaman təqsirsizlik prezumpsiyası durmalıdır. Kimisə ağır cinayətin törədilməsində ittiham etmək üçün yalnız məhkəmənin müvafiq hökmünü əsas götürmək olar. Şübhə və ehtimalla şəxsi və ya dövləti ittiham etmək hüquqi baxımdan perspektivsizdir.
Bu fikirləri Teleqraf.com-a hüquqşünas Əvəz Temirxan son dövrlər Böyük Britaniya ərazilərində vaxtı ilə SSRİ KQB-sinə və Rusiya xüsusi xidmət orqanlarına işləyən, sonradan isə İngiltərə xüsusi xidmət orqanlarının xeyrinə casusluq edən şəxslərin müəmmalı ölümləri haqqında danışarkən deyib.
Hüquqşünas deyir ki, özünün ağır cinayətlərin istintaqını apardığı zaman qatil və ağır cinayətkarı prokurorun sanksiyası olmadan 3 sutka həbs etmək səlahiyyəti olub:
“Ancaq 3 sutka ərzində mənim özüm o dünyaya gedib qayıdırdım. Düşünürdüm ki, bu şəxsi qatil olaraq doğrumu həbs etmişəm, yoxsa səhv etmişəm. Çünki onu 3 sutka həbs edəndə həm də imici ləkələnirdi”.
Əvəz Temirxan düşünür ki, son dövrlər agentlərin Londonda ölməsinə həm də Qərb-Rusiya münasibətlərinin korlanması çərçivəsində baxmaq daha əsaslıdır:
“Xeyli agent öldürülüb. Ancaq onların çoxu Rusiyada məhkəmə qərarı ilə həbs edilən və cəzalarını çəkən şəxslərdir. İndi bu şəxslərin ölümü kimə və nəyə lazımdır? İngiltərə Baş naziri Tereza Mey bu qətllərə görə Rusiyadan şübhələndiyini elan edib. Ancaq hüquqda bir ehtimal - təqsirsizlik prezumpsiyası əsas götürülməlidir. Digər ehtimallar yoxlanılıb və məhkəmə tərəfindən təsdiq edildikdən sonra ittihama çevrilə bilər”.
Temirxan indiki mərhələdə casusların Rusiya tərəfindən öldürülməsinə böyük şübhə ilə yanaşır:
“Bu, indiki məqamda Rusiyaya sərf etmir. Bir daha deyirəm ki, öldürülən şəxslərin bəzisi Rusiyada ittiham edilib, ona cəza verilib. Cəzasını çəkdikdən sonra Britaniyaya gedib. Yəni Rusiyadan qaçmayıblar, onları Rusiya özü buraxıb. Agentlərin öldürülməsinin kimin fəaliyyəti olduğu haqda mən konkret söz deyə bilmərəm. Bunu yalnız bu işin içində olan şəxslər bilir. Məsələn, qeyd edirlər ki, bu casusların çoxu Rusiya istehsalı olan zəhərli qazların vasitəsilə öldürülür. Ancaq biz bilirik ki, Rusiya xüsusi xidmət orqanları öz işini bilən orqandır. Bu hadisələr zamanı Rusiya istehsalı olan zəhərli qazlardan istifadə edilməsi adamda şübhə doğurur. Niyə məhz Rusiya zəhəri ilə öldürürlər? Mən demirəm ki, bunu edib sonradan şübhəni Rusiyanın üzərinə atırlar. Bunu heç kəs deyə bilməz. Burada ümumiyyətlə birmənalı kiminsə tərəfində durmaq və ya kimisə ittiham etmək məntiqsiz olardı. Lakin bu ölümlərə Qərb-Rusiya münasibətlərinin pozulması çərçivəsindən baxmaq daha məntiqlidir. Söhbət hüquqi deyil, siyasi baxımdan yanaşmadan gedir”.
Qeyd edək ki, hazırda Böyük Britaniya mətbuatı, eləcə də ölkənin siyasi rəhbərliyi bu ölümlərə görə, Moskvanı ittiham edir.
İngiltərədə sabiq rus kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliya naməlum şəraitdə zəhərlənib. Həmçinin Putinə müxalif mövqedə olan siyasi xadim Nikolay Qluşkovun Londonda yaşadığı evdə meyiti aşkar edilib. Buna qədər isə müxtəlif illərdə Londonda Rusiyada İngiltərə xeyrinə casusluq edən və sonradan Rusiyanı tərk edən şəxslər müəmmalı formada öldürülüb.