Ötən ay Azərbaycan Ordusunun 1 hərbçisi döyüşlərdə şəhid olub, 4 hərbçisi yaralanıb. Azərbaycan əsgərləri 5 erməni hərbçini məhv edib, 7-ni yaralayıblar
Cari ilin iyul ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 414 dəfə pozulub.
Teleqraf.com-un Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqə görə, ötən ay atəşkəsin pozulması ilə müşayiət olunan döyüşlərdə Azərbaycan Ordusunun 1 hərbçisi şəhid olub, 4 hərbçisi isə yaralanıb.
Ötən ay ermənilər tərəfindən atəşkəs daha çox Ağdam rayonu istiqamətində pozulub. Qeyd olunan istiqamətdə atəşkəs pozuntularının sayı iyul ayında 115 dəfə olub.
Qarabağ cəbhəsində sonrakı yerlərdə Füzuli rayonu (96 dəfə), Tərtər rayonu (35 dəfə), Xocavənd rayonu (35 dəfə), Cəbrayıl rayonu (29 dəfə), Goranboy rayonu (20 dəfə), Göygöl rayonu (5 dəfə) dayanıb.
Ermənistan-Azərbaycan dövlət sərhədində isə Qazax rayonu istiqamətində 36, Tovuz rayonu istiqamətində 36, Ağstafa rayonu istiqamətində 5, Gədəbəy rayonu istiqamətində isə 2 dəfə atəşkəs pozulması qeydə alınıb.
İyul ayının son həftəsindən ermənilərin cəbhədə fəallaşması müşahidə olunub. Baş verən döyüşlərdə Azərbaycan hərbçiləri tərəfindən 5 erməni hərbçi öldürülüb, 7-dək erməni hərbçisi isə yaralanıb.
APA-nın monitorinqlərinə əsasən, 2014-cü ilin yanvar-iyul aylarında cəbhədə atəşkəs rejimi 2900 dəfə pozulub. Atəşkəsin pozulması ilə müşayiət olunan döyüşlərdə və mina partlayışlarında Azərbaycan Silahlı Qüvvələrinin 14 hərbçisi şəhid olub. İyirmi üç hərbi qulluqçu (9 nəfər mina partlayışı) və 5 mülki sakin isə yaralanıb.
Ermənistan Silahlı Qüvvələrinin iyulun 31-dən başlayaraq cəbhə xəttində təxribatlarının sayında artım qeydə alınıb. Nəticədə hər iki tərəfdən ölən və yaralananlar olub.