Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-leytenant Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
FHN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə Nazirliyin fəaliyyət istiqamətləri və iş prinsipləri, strukturu və qurumları haqqında, həmçinin ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
FHN-in beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq qurumları ilə yüksək səviyyəli əməkdaşlıq etdiyini vurğulayan nazir müavini dövlət başçısı İlham Əliyevin göstərişi ilə təbii fəlakətlərlə üzləşmiş bir çox dövlətlərə, o cümlədən Rusiya, Türkiyə və İsrailə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hərtərəfli köməklik göstərildiyini, bəzi ölkələrə isə humanitar yardımlar çatdırıldığını bildirib.
Sonra qonaqlar nazirliyin fəaliyyətindən bəhs edən filmi izləyiblər. Görüşdə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi, polkovnik Adil Abdullayev qonaqlara Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.