"Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən hadisə nəticəsində bütün ölkənin qaranlığa bürünməsi “Azərenerji” ASC-nin özəlləşdiliməsi ilə bağlı son 10-12 il ərzində irəli sürülən təşəbbüslərin aktuallığını və əhəmiyyətini bir daha gündəmə gətirdi. Təəssüf ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev hər dəfə bir çox sahələrdə, o cümlədən enerji və səhiyyə sektorunda özəlləşdirimənin aparılması ilə bağlı fikirlər səsləndirəndə bəziləri öz subyektiv fərziyyələrinə söykənərək BAXCP liderinin təşəbbüslərinin hansısa maraqlardan qaynaqlandığı önə çəkirdilər. Maraq isə şübhəsiz ki, var idi, amma bu maraq son hadisə zamanı ortaya çıxan problemlərin aradan qaldırılmasına, əhalinin daha keyfiyyətli və kəsintisiz enerji ilə təmin olunmasına, insanların sağlam yaşamalarına xidmət edirdi..."
Teleqraf.com xəbər verir ki, bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, siyasi ekspert Elçin Mirəzbəyli bildirib.
Ekspertin sözlərinə görə, azsaylı istisnalar olmaqla dünyanın əksər ölkələrində enerji sektoruna özəl şirkətlər nəzarət edir: "Təsadüfi deyil ki, dünyanın elektrik enerjisinin istehsalı və paylanılması üzrə ixtisaslaşmış ən böyük 250 şirkətinin sırasında barmaqla sayılacaq qədər dövlət müəssisəsi var. Bu müəssisələr isə əsasən Çini təmsil edirlər. Lakin 2010-cu ildən başlayaraq, Çin bu sahədə geniş islahatların aparılmasına başlayıb və özəl sektoru da prosesə cəlb edib. Çox uzağa getməyək. Elə qonşu Gürcüstanda enerji sektorunun özəlləşdirilməsi və bu sahəyə xarici investisiyaların cəlb edilməsi ilə bağlı kifayət qədər ciddi addımlar atılır. 2017-ci ilin fevralında Gürcüstanın iqtisadiyyat nazirliyi ilə Çexiyanın “Energo-Pro” şirkəti arasında bağlanmış müqaviləyə əsasən qonşu ölkənin 6 istilik elektrik stansiyası, 2 distribütor şirkəti 132 milyon ABŞ dollarına “Energo-Pro”ya satılıb. Müqavilənin şərtlərinə görə “Energo-Pro” Birləşmiş Distribütor (enerjipaylayıcı) Şirkətinə və Acarıstan Distribütor Şirkətinin elektrik şəbəkəsinin yenilənməsinə 100 milyon ABŞ dolları civarında investisiya yatıracaq. Bundan başqa, “Energo-Pro” Gürcüstan hökuməti qarşısında əldə etdiyi 6 istilik elektrik stansiyasının yenilənməsinə 85 milyon ABŞ dolları investisiya yatırmaq barədə öhdəlik götürüb. Çüx şirkəti Gürcüstanda 100 meqavatt gücündə yeni istilik elektrik stansiyasının tikilməsinə də 100 milyon ABŞ dolları vəsait ayıracaq.
Öncə qeyd edim ki, mən nə iqtisadçıyam, nə də enerketika sahəsi üzrə mütəxəssis. Bununla yanaşı, düşünürəm ki, bu sahədə özəlləşdirilmənin aparılmasının vacibliyini qəbul etmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. MDB məkanında, Rusiyada, Qazaxıstanda enerji sektorunun özəlləşdirilməsi istiqamətində gərəkli olan bütün addımlar xeyli vaxtdır ki atılıb və artıq öz nəticəsini də verib. Şimal qonşumuzun bu sahədə fəaliyyət göstərən tanınmış şirkətlərinin adını çəkməyəcəyəm. Bu şirkətləri Azərbaycanda çoxları tanıyır. Rusiyanın enerji sektorunda fəaliyyət göstərən xarici şirkətlərdən biri də Enel Beynəlxalq Enerji qrupudur. Qrup 1999-cu ildə Milan birjasında qeydə alınıb. Qrupun səhmdarları arasında İtaliya şirkətləri üstünlük təşkil edirlər. Hətta İtaliyanın iqtisadiyyat və maliyyə nazirliyi də Enel-in səhmdarlarından biridir. Enel dünyada 72 milyon insanı elektrik enerjisi ilə təmin edir.Enel hazırda Rostov vilayətində iki nəhəng külək elektrik stansiyasının inşasına başlayıb və bu işə 132 milyon avro investisiya yatıracaq".
E.Mirzəbəyli bildirib ki, bu cür nümunələrin sayını artırmaq da olar: "Amma zənnimcə enerji sektorunun özəl şirkətlərin üzünə açılmasının effektivliyi elə bü nümunələrdən də görünür. Bu sahəyə dövlətin milyardlarla vəsaitini xərcləməsinə və təssüf ki, bəzən havaya sovrulmasına heç bir ehtiyac yoxdur. Bu sahə biznes sektorudur, gəlir gətirən bir sahədir. Ortalıqda istehsal olunan enerji, onun satılması və alınması var. Dövlət bu sahədə enerji təhlükəsiliyini təmin etmək məqsədilə müəyyən tənzimləyici mexanizmləri öz əlində saxlaya bilər. Lakin bunun üçün dövlətin biznes mühitinə, bazar münasibətlərinə müdaxilə etməsinə heç bir ehtiyac yoxdur. Arzu edərdim ki, bu məsələyə peşəkarlar da öz münasibətlərini bildirsinlər. Mən sadəcə bir vətəndaş kimi öz mövqeyimi ifadə etdim".