Xəbər verdiyimiz kimi iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti şəhid olub.
Publika.az xəbər verir ki, sənət adamları baş vermiş hadisə ilə bağlı narahatlıqlarını dilə gətirib. Sosial şəbəkələrdə çoxsaylı izləyiciləri olan müğənni Nura Suri hər kəsi təxribata uymamağa və düşmənləri sevindirməməyə səsləyib. Sənətçi Gəncədə iki polis zabitinin ölümü ilə nəticələnən aksiya haqqında bunları deyib:
“Ay camaat, ayılın! Bu, dövlətimizə qarşı provakasiyadır. Liviya, Suriya və s. ölkələrin halına baxın. Bizim düşmənimiz başqa xalqdır. Azərbaycanlılar bir olmalıdır. Bir-birimizə dayaq olmalıyıq. Vətənimizi düşmənlərdən qorumalı, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda bir olmalıyıq. Təxribata uymayın. Düşmənləri sevindirməyin.
Sovet dönəmində yağı, əti talonla aldığınız vaxtları unutmayın. Suyu saatla verirdilər, çörək almaq üçün millət səhər altıdan növbəyə dururdu. Biz axı pis günlərin nə olduğunu bilirik. Nə qədər oğullarımız, qızlarımız vətən uğrunda həlak olub. Onların ruhuna hörmət qoyun".