Sosial şəbəkələrdə dini pərdə altında anti-Azərbaycan təbliğatı davam etdirilir. Lakin Azərbaycanda dini problem yoxdur. Azərbaycanda İslam və digər ənənəvi dinlər böyük hörmətə malikdir.
Bunu Teleqraf.com-a millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycanda dini mənsubiyyətindən asılı olmayaraq, hər millətin nümayəndəsi öz dilini, ədəbiyyatını öyrənə, mədəniyyətini inkişaf etdirə bilir, öz icmalarını yaradanlar da milli bayramlarını keçirə bilirlər:
“Sadəcə olaraq, xaricdəki bəzi siyasi qüvvələr müxtəlif bəhanələrlə Azərbaycana qarşı təbliğat aparırlar. Amma Azərbaycan dünyəvi dövlətdir, insanların haqlarının qorunması istiqamətində ciddi işlər aparılır. Problemlər həll edilir. Buna görə də, süni şəkildə Azərbaycana probem yaratmağa çalışırlar.
Amma bu cəhdlərin Azərbaycan daxilindən dəstəklənməsi şansı sıfıra bərabərdir. Çünki Azərbaycan vətəndaşı bütün həqiqətləri görür və vətəndaşın qayğısına qalan hakimiyyətin nə olduğunu bilir.
Din və digər adlar altında sosial şəbəkələrdə azərbaycanlı ad və soyadları altında saxta profillər, səhifələr yaratmağa çalışırlar. Amma müşahidə edəndə görürük ki, onları özlərindən başqa heç kəs dəstəkləmir. Bunun arxasında xaricdəki anti-Azərbaycan mərkəzləri, erməni diaspor təşkilatları, Azərbaycandakı inkişafı sevməyən müəyyən qüvvələr dayanır”.