Almaniya Federativ Respublikasının federal kansleri Angela Merkelin Azərbaycana rəsmi səfəri həm ikitərəfli münasibətlər baxımından, həm də Avropa İttifaqı-Azərbaycan münasibətləri baxımından olduca mühüm bir səfər idi.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, ekspertlər və media hər nə qədər bu səfəri siyasi səfər kimi şərh etsə də, heç şübhəsiz, bu səfərin olduqca ciddi iqtisadi tərəfləri də var idi:
“Məhz bu məsələyə diqqət çəkən xanım Merkel qeyd etdi ki, bizim ikitərəfli münasibətlərimiz bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşımızın olması ilə xarakterizə olunur. O bildirdi ki, Azərbaycanda xarici ticarət palatamız var, burada 150 alman müəssisəsi fəaliyyət göstərir. Azərbaycan da öz növbəsində iqtisadiyyatın şaxələndirilməsinin həyata keçirilməsində maraqlıdır və Almaniya bu sahədə öz ciddi töhfəsini verə bilər. Təkcə bu fikir onu deməyə əsas verir ki, Almaniya Azərbaycanla iqtisadi tərəfdaşlığa böyük əhəmiyyət verir, şaxələndirilən iqtisadiyyatımızda yeni sərfəli iqtisadi perspektivlər görür”.
H.Babaoğlunun sözlərinə görə, məsələnin əsl mahiyyəti isə ondadır ki, bu ölkə Avropanın iqtisadiyyatı ən böyük olan ölkəsi olmasına baxmayaraq, yeni dünya siyasətinin formalaşması prosesində iqtisadiyyatına uyğun səviyyədə hərbi-siyasi fəallıq nümayiş etdirə bilmir:
“Çünki İkinci Dünya müharibəsindən sonra götürdüyü bəzi beynəlxalq öhdəliklərə sadiq qalmaq məcburiyyətindədir. Ona görə də Yaxın Şərq və Şimali Afrikada, hətta Şərqi Avropa və Balkanlarda belə baş verən kardinal dəyişikliklər zamanı hadisələrə aktiv hərbi müdaxilə edən ölkələr sırasında görünmür. Bütün bunların əvəzində isə Almaniya bu boşluğu iqtisadi vasitələrlə kompensasiya etməyə çalışır. Son dövrlərdə isə buna paralel olaraq insan hüquq və azadlıqları məsələsindən də öz milli maraqları lehinə yaralanmağa çalışır. Ancaq bu məsələdə elə Almaniyanın özündə xeyli problemlər var. Ona görə də insan hüquqları silahını hələ ki effektiv təzyiq vasitəsinə çevirə bilmir. Federal kanslerin Azərbaycana səfəri öncəsi bir qrup öyrədilmiş “fəal”ın Almaniyada piket keçirməsi və alman jurnalistin səriştəsiz və yersiz sualı da təsadüfi deyildi. Ancaq bununla belə federal kansler Angela Merkelin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı “Almaniya BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək və aidiyyəti regionlarda insanların vəziyyətinin yaxşılaşması üçün məsələnin həllini tapmağa çalışacaq” kimi ifadə işlətməsi Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyət kimi qiymətləndirilməlidir .Ümumiyyətlə, bu səfər ikitərəfli münasibətlərdə yeni mərhələ yaradacaq səfər kimi yadda qaldı və bu, Azərbaycanın maraqlarına uyğundur”.