Vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyinin (BNA) mütəxəssislərinin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri çəkilib, yararsız hala düşən piyada keçidləri yenilənib, standartlara cavab verməyən keçidlərin yerləri dəyişdirilərək uyğun vəziyyətə gətirilib.
Teleqraf.com xəbər verir ki, bunu BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
O əlavə edib ki, qeyd edilən işlərə Məhəmməd Hadi küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində, Suraxanı rayonu Bahar qəsəbəsində, Qara Qarayev prospekti kənar yolda, Ayna Sultanova küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsində, Xocalı prospekti ilə Sergey Senyuşkin küçəsinin kəsişməsində, Mirzəağa Əliyev küçəsinin Bülbül prospekti ilə kəsişməsində, Mərdanov qardaşları küçəsində və digər ünvanlarda başlanılıb:
“Hazırda bu istiqamətdə işlər davam etdirilir. Mərhələli şəkildə Bakı şəhərinin ərazisində yerləşən və yararsız hala düşmüş eynisəviyyəli piyada keçidləri yenilənərək, vətəndaşların müraciətləri və mütəxəssislərimizin araşdırmaları nəticəsində müvafiq hesab edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri təşkil ediləcək”.