5 Sentyabr 2018 00:55
1 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli Azərbaycan alimi Lütfi Zadənin qəbirüstü abidəsi ona görə standartlardan uzaqdır ki, onun peşəsini özündə tam ehtiva edir.

Bunu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov yeni yaratdığı, görkəmli alim, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin I Fəxri Xiyabandakı qəbirüstü abidəsini tənqid edənlərə cavabında bildirib.

Rəssam vurğulayıb ki, alim riyaziyyatda möhtəşəm və qlobal inqilab edib. O, qeyri-səlis məntiq nəzəriyyəsi ilə elm dünyasında çevrilişə nail olub.

"Lütfi Zadənin kəşflərindən ilk olaraq yaponlar və cənubi koreyalılar istifadə edib. Daha sonra onun nəzəriyyəsindən digər ölkələr də yararlanmağa başlayıblar. Mən öz yaradıcılığımla göstərmək istəmişəm ki, o, özünün iradəsinin və ağlının köməyi ilə necə qranit və ağır qapını aça bilib. Mənim əsas məqsədim bu olub" – deyə Eldarov bildirib.

Rəssam abidəni beş ay müddətində qurub. Dediyinə görə, onun vaxtı çox olmayıb və sifarişi çox gec alıb. Vaxtın çoxu ərazinin abadlaşdırılmasına, memarlıq işlərinə və Lütfü Zadənin böyük bir alim olduğunu əks etdirən qəbirüstü yazıların yazılmasına sərf olunub.

Eldarovun sözlərinə görə, bəzi insanların narazılığının və tənqidlərinin səbəbi onların standart abidələrə alışıq olmalarıdır. Əlində kitab olan mütəxəssisin əksi hər kəsin beynində canlandırdığı və görmək istədiyi obrazdır. Rəssam isə öz yaradıcılığı zamanı fikirləşib ki, standart həll yolu Lütfi Zadəyə uyğun gəlmir.

"Hamımıza məlumdur ki, Lütfi Zadə Azərbaycanda o qədər də məşhur deyil. Heykəlin ona çox oxşamasına baxmayaraq, mənim məqsədim onun xarici görkəmini çatdırmaq deyildi. Mən onun dünyaca məşhur olan kəşfini memarlığın rəmzi formaları ilə göstərmək istəmişəm. Lütfi Zadənin abidəsini hansısa müğənninin abidəsi ilə müqayisə etmək olar? Axı onda musiqidən heç nə yoxdur" – Eldarov deyib.

Öz işindən tam razı olan rəssam tənqidlərlə razılaşmır. O, məsləhət görür ki, abidəyə diqqətlə baxsınlar və nəticə çıxarmamışdan əvvəl bir az düşünsünlər.

Xatırladaq ki, Lütfi Zadənin abidəsinin açılışı sentyabrın 6-da olacaq.

Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib.

O, ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailəsi ilə birlikdə Tehrana köçüb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olub.

/Sputnik.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər