Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü münasibətilə Rəşid Behbudov adına Mahnı Teatrında Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin birgə təşkilatçılığı ilə “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu -100” adlı ədəbi-bədii tədbir keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, millət vəkilləri Qənirə Paşayeva, Əflatun Amaşov, xalq şairi Nəriman Həsənzadə, Türkiyədən gələn qonaqlar, yazıçılar, QHT nümayəndələri iştirak ediblər.
Tədbirin fəxri qonağı isə Bakının işğaldan azad edilməsinin əsas memarı Ənvər paşanın nəvəsi Arzu Ənvər xanım olub.
Arzu Ənvər çıxışında ailəsi haqqında məlumat verib, Türkiyə-Azərbaycan dostluğunun davamlı olmasını arzulayıb. Ənvər paşanın nəvəsini iştirakçılara təqdim edən millət vəkili Qənirə Paşayava bildirib ki, hər görüşlərində Arzu xanım ona tarixi materiallar hədiyyə edib: “Arzu xanım bugün isə Nuru paşanın heç bir yerdə olmayan iki fotosunu bizə hədiyyə etdi. Mən də öz növbəmdə bu fotoları Tarix Muzeyinə hədiyyə edəcəyəm”.
Arzu Ənvər daha sonra Azərbaycanla bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb.
Teleqraf.com həmin görüntüləri və Nuru paşanın nadir fotoşəkillərini təqdim edir.