14 Sentyabr 2018 17:05
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurasında İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi ilə görüş keçirilib.

Mətbuat Şurasından Teleqraf.com-a verilən məlumata görə, M.Nəcəfinin ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatmasına həsr olunmuş toplantıda İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, İran və Azərbaycan dövlətləri arasındakı münasibətlər dinamik xarakter daşıyır və bütün sahələri əhatə edir: “Sevindirici haldır ki, son dövrlər hər iki ölkənin media qurumlarının da çox yaxın təmasları formalaşıb. Bu prosesdə İranın Azərbaycandakı səfirliyinin böyük rolu var. Azərbaycandakı diplomatik missiyası başa çatmış Məhəmmədrza Nəcəfinin fəaliyyətini məhz bu xüsusda dəyərləndirmək istərdim. Cənab Nəcəfi özünün təşəbbüskarlığı, işgüzarlığı ilə nümunədir.

Mən Tehrana səfərimi xatırlayıram. Orada Mətbuat Şurasının sədri kimi çox vacib görüşlər keçirdim. Ən əsası isə şura ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında əməkdaşlıq memorandumu imzalandı. Sənədin ərsəyə gəlməsində səfir Cavad Cahangirzadə nə qədər təşəbbüskar olmuş, əmək sərf etmişdisə, memorundumun məziyyətlərini daşıyan məhz cənab Nəcəfi idi”.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də çıxışında İran-Azərbaycan münasibətlərinin inkişaf meyllərindən söz açıb və mövcud istiqamətdə son dövrlər nəzərə çarpan müsbət meylləri vurğulayıb.

O bildirib ki, Azərbaycanın və İranın milli maraqlarının qayəsində hər iki ölkə xalqlarının mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətlərinin qorunması və möhkəmlənməsi, onların qarşılıqlı mənfəəti dayanır.

MŞ İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, İran və Azərbaycan dost və qonşu ölkələrdir, onlar arasında heç bir problem yoxdur. Lakin ilk baxışdan olduqca sadə görünən bu vəziyyətin özünün həssaslığı var. Media buna adekvat fəaliyyət göstərməlidir və cənab M.Nəcəfi fəaliyyətdə olduğu müddətdə özünü həm bu məqamı rəhbər tutan peşəkar diplomat kimi göstərdi, həm də dostlar qazandı. Baş redaktor yeni mətbuat katibi S.Musəvinin eyni kursu davam etdirəcəyinə əminliyini ifadə edib.

Sonda çıxış edən Məhəmmədrza Nəcəfi toplantı iştirakçılarına təşəkkürünü bildirib. O, İranın və Azərbaycanın media qurumları arasındakı münasibətlərin inkişafının günün tələbi olduğunu vurğulayıb və yeni mətbuat katibi S.Musəvinin bu istiqamətdə başlanılmış işi məharətlə davam etdirəcəyinə əmin olduğunu deyib.

Tədbirdə digər media qurumunun rəhbərləri də çıxış edib.


Müəllif: Səxavət