Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş “Çingiz Aytmatov və müasir dövrün çağırışları” adlı İssık-Kul forumunun Bişkek şəhərindəki Prezident Sarayında açılışı olub.
Teleqraf.com xəbər verir ki, dünyanın 25 ölkəsindən 160-dan çox tanınmış siyasətçi, ədəbiyyatçı, futuroloq, kinotənqidçi, rəssam, müxtəlif sahələri əhatə edən alim və tədqiqatçıların qatıldığı tədbirdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov da iştirak edib.
Tədbiri açan Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov forumda məhv olan ekologiya, təbiətlə harmoniyada yaşamaq tərzi, millətlərarası sabitlik, ölkələr arasında inteqrasiyanın möhkəmləndirilməsi mövzularını müzakirəyə çıxarmağı tövsiyə edib. Dövlət başçısı deyib ki, adı çəkilən problemlər neçə illər bundan əvvəl böyük yazıçı Çingiz Aytmatov tərəfindən dilə gətirilib.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Qırğızıstan Prezidenti ilə görüşüb.
N.Məmmədov görüş zamanı S.Jeenbekova fondun sifarişi ilə tərcümə edilib nəşr edilmiş Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyevin müəllifi olduğu “Azərbaycanın xarici siyasəti və həqiqi dostları” kitabını təqdim edib. Fondun rəhbəri kitab haqqında dövlət başçısına qısa məlumat verib.
Qeyd edək ki pulsuz yayılması nəzərdə tutulan kitabı qırğız dilinə tanınmış şair-tərcüməçi Mukan Asanaliyev tərcümə edib.
Bundan başqa N.Məmmədov Qırğızıstan Prezidentinə fondun Çingiz Aytmatov haqqında nəşr etdirdiyi bir neçə kitabı təqdim edib.