24 Dekabr 2018 20:00
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 19-da Almaniyanın “ARD” İctimai Televiziyasında efirə getmiş “Mərc mafiyası: Almaniya və mütəşəkkil futbol cinayətkarlığı” sənədli filmi və həmin televiziyanın sportschau.de idman xəbərləri saytında dərc olunmuş “Erməni mərc mafiyası Almaniyada da fəaliyyətdədir” başlıqlı məqalədə Almaniyadakı erməni mafiya şəbəkəsinin idman mərclərinin manipulyasiyası yolu ilə gəlir əldə etməsindən bəhs olunur.

Teleqraf.com xəbər verir ki, filmdə və məqalədə erməni mafiyasının mütəşəkkil cinayətkarlığın ən qorxunc və ən təhlükəli qruplaşmalarından hesab olunduğu bildirilir. Bu şəbəkə bütün Avropada, o cümlədən Almaniyada fəaliyyət göstərir. Cinayətkar şəbəkə o cümlədən futbol, həndbol, basketbol, voleybol, tennis və digər idman oyunları üçün keçirilən mərclərdə qanunsuz manipulyasiyalar etməklə gəlir əldə edir.

Qeyd edilir ki, 2008-ci ildə Almaniyada futbol oyunlarında olan manipulyasiyaları araşdırmaq məqsədilə Boxum polisi tərəfindən yaradılmış “Soko Flankengott” adlı əməliyyat qrupunun aparıcı şəxslərindən biri, kriminal polis əməkdaşı Mixael Bahrs erməni cinayətkar qruplaşmalarının Almaniyada dələduzluq yolu ilə gəlir əldə etdiyini təsdiq edib. Bahrs idman mərclərinin manipulyasiyası üzrə aparıcı mütəxəssislərdən hesab olunur və onun bu işlərlə məşğul olan cinayətkar ünsürlər arasında böyük xəbərçi şəbəkəsi mövcuddur.

“ARD” televiziyasının erməni mafiyası daxilində anonimliyi qorunan mənbəyə istinadən təqdim etdiyi məlumata əsasən, erməni mafiyası müxtəlif idman növlərində yaxşı transmilli əlaqələrə malikdir və xüsusilə keçmiş şərq blokuna daxil olan ölkələrdən olan idmançılarla əlaqələr hesabına idman oyunlarının mərcində manipulyasiyalar edilir.

Bildirilir ki, həmin mənbənin “ARD”yə təqdim etdiyi siyahıda erməni mafiyasının Almaniyadakı üzvlərinin mərclərdən qazanmaq metodları öz əksini tapır. Siyahıda üç gün ərzində Ermənistanda futbol oyunları, Asiya ölkələrinin AFC kuboku, peşəkar tennis yarışları və Rusiyanın həndbol və basketbol yarışlarında 28 idman oyununun mərc edilməsinin təfərrüatları və həmin mərclərdən qazanılmış məbləğlər qeyd olunub. Oyunların manipulyasiyası hesabına 28 oyunun hamısında erməni mafiyası tərəfindən verilmiş proqnoz doğru çıxıb. Mənbə onu da bildirib mərc sindikatları bir neçə təbəqədən ibarət olur. Sindikatın mərkəzində “xaç atası” dayanır. Onun göstərişi ilə “fixer” adlandırılan şəxslər idman oyunlarının manipulyasiya edilməsi üçün idmançıları, idman funksionerlərini və hakimləri rüşvətlə ələ alır. Erməni mafiya şəbəkəsi smartfon proqramları vasitəsilə manipulyasiya edilmiş oyunlar barədə məlumat mübadiləsi edir. Şəbəkənin “runner”adlandırılan üzvləri müxtəlif bukmeyker ofislərinə gedərək və ya internet üzərindən həmin oyunları mərcə çıxarırlar. Bu proses eyni zamanda Almaniyanın müxtəlif şəhərlərində baş verir.

Bukmeykerlərin “runner”lərin şəxsi məlumatlarını qeydə almaması şəbəkə üzvünün anonim qalmasını təmin edir. “Runner”lərin sayı çox olduqca, sindikatın da gəliri artır.
Qeyd olunur ki, ən çox Cənub-Şərqi Avropa ölkələrindəki futbol oyunları haqda, xüsusilə həmin oyunlar hələ davam edərkən, qoyulan mərclər manipulyasiya edilir. Canlı oyunların mərci zamanı hər bukmeykerdən bir oyuna görə 300-500 avro qazanc əldə edilir. Amma bukmeykerlərin kütləviliyi hesabına ümumi gəlir böyük olur. Bəzən bukmeyker oyun üçün müəyyən edilmiş əmsalın həddən artıq böyüklüyünə görə oyunun manipulyasiya edilməsindən şübhələnərək əmsalı aşağı endirir, yaxud həmin oyunun mərcini öz sistemindən çıxarır. Bu vaxt “runner”lər dərhal başqa bukmeykerə üz tuturlar.

Bildirilir ki, erməni mafiyasının bu fəaliyyəti ilə əlaqədar bu ilin iyun ayında Brüsseldə polis əməliyyatı keçirilib, 21 mənzildə axtarış aparılıb, nəticədə oyunları mərcə çıxarılmış Belçika tennisçilərinə məğlub olmaq üçün rüşvət verildiyi faktı ortaya çıxarılıb, həmin mərclərin manipulyasiyasına görə 13 şəxs həbs edilib, 6 erməniyə ittiham irəli sürülüb.

“ARD”nin mafiyadakı anonim mənbəsinin məlumatına görə, Almaniyadakı erməni mafiyası Belçikadakı erməni mafiyası ilə idman mərclərinə dair məlumat mübadiləsi edir. Belçikadakı polis əməliyyatından sonra iz itirmək məqsədilə bu əlaqələrə bir müddət son qoyulub, amma bir neçə aydan sonra şəbəkənin fəaliyyəti tam bərpa edilib. Oxşar polis əməliyyatları və axtarışlar Almaniya, ABŞ, Fransa, Bolqarıstan, Slovakiya və Niderlandda da həyata keçirilib.
Qeyd edək ki, sözügedən məlumatlar 2 noyabr tarixində “Spiegel” online xəbər saytında dərc edilmiş “Erməni mafiyası Almaniyada necə fəaliyyət göstərir” başlıqlı məqalə və 7 noyabr tarixində MDR televiziyasında (ARD ictimai televiziyalar qrupuna daxildir) efirə verilməli olan, amma həmin gün Berlin məhkəməsinin qərarı ilə müvəqqəti olaraq nümayişi dayandırılmış “Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” başlıqlı sənədli filminin ardınca alman mətbuatının erməni mafiyası mövzusunda apardığı araşdırmanın yeni nəticələridir. Araşdırmaların mərkəzində Almaniyanın ictimai televiziyalarının dayanması və dərc olunan məlumatlarda bu ölkədə erməni mafiyasının mövcudluğuna dair hüquq-mühafizə orqanlarından istinadların təqdim edilməsi mövzunun ictimailəşdirilməsində Almaniyanın dövlət qurumlarının maraqlı olduğunu hesab etməyə əsas verir.
Onu da bildirək ki, böyük maliyyə resurslarına malik olan və Almaniya daxil olmaqla, Avropa ölkələrində kök atmış erməni mafiyası Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və ümumiyyətlə, Avropa siyasi sistemində siyasətçilərin pulla ələ alınması, onların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinin təşkil olunması, Avropa ölkələrinin mətbuat orqanlarında Azərbaycana qarşı kampaniyaların aparılması kimi çirkin işləri də həyata keçirir. Erməni mafiyası əslində erməni lobbisidir və kifayət qədər siyasiləşmiş radikal təşkilatdır. Avropanın paytaxtı hesab olunan Brüsseldə erməni mafiyasının xaç atası brilliant biznesi ilə məşğul olan Kaspar Karampetyandır. İsveçrədə isə erməni mafiyasının xaç atası rolunda çıxış edən şəxs dünyaca məşhur Frank Müller saatlarının istehsalçısı, Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətləri talan edən Vartan Sermakesdir. Almaniya polisinin ardınca Belçika və İsveçrə polisləri də bu şəxslərin fəaliyyətini araşdırmalıdırlar.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər