Novruz müəllim çıxışında və təqdim etdiyi hesabatında görülən işlər haqqında geniş məlumat verdi. Məncə, bu haqda danışmağa ehtiyac yoxdur.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı barədə danışarkən deyib.
Komitə sədri bildirib ki, regionların inkişafı, səhiyyə, təhsil obyektlərinin yaradılması, infrastruktur, yol sahəsində böyük işlər görülüb: “Azərbaycan postsovet ölkələrində yeganə ölkədir ki, burada kəndçilər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunub.
Nazirlər Kabinetinin 18 avqust 2015-ci ildə 283 nömrəli qərarına əsasən, kəndçiyə yanacaq, motor yağları, buğda və çəltik əkmələrinə ödənilən subsidiyaların alışına görə ödənişlərə dəyişiklik edilib. Pulu almaq üçün müvafiq sənədlər tələb olunur. Ancaq bu, yalnız pay torpaqlarına aidir. Rayonlarda çoxlu ərazilər var ki, pay torpaqlarına aid deyil, amma kəndçi onu icarəyə götürərək əkir. Məsələn, Neftçalada 70 min hekat əkin sahəsinin 19 mindən çoxu belə torpaqlardır. Belə torpaqlardan istifadə üçün istehsalçının əlində yerli icra hakimiyyətinin və bələdiyyələrin sənədi var. Amma bu şəxslər dövlətdən maliyyə dəstəyi almaqdan mərhum olunub”.
Komitə sədri təklif edib ki, yerli icra hakimiyəti və bələdiyyələrin kənd əməkçilərinə icarəyə verdiyi torpaqların təyinatı dəyişməli və yerli şəraitə uyğunlaşdırılmalıdır. Həmçinin yerli icra və bələdiyyələrin elektron müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmalıdır. Bu məsələlər həll edilsə və müvafiq sənədlər Asan Xidmət vasitəsilə alınsa, kənd təsərrüfatında çalışan insanların böyük qismi razı qalacaq”.