18 İyun 01:16
273

Azərbaycanın Türkiyədəki səfirliyində ölkəmizin diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransda Ankarada akkreditə olunan diplomatik korpusun rəhbərləri və təmsilçiləri, Azərbaycan və Türkiyənin tanınmış alimləri, qardaş ölkənin paytaxtında təhsil alan tələbələr iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim 100 il əvvəl təsis olunan Azərbaycanın diplomatik orqanlarının ötən dövrdəki fəaliyyəti və müasir inkişaf istiqamətləri, konfransın məqsəd və mahiyyəti barədə məlumat verib.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məruzəsi dinlənilib. Azərbaycanın dövlətçilik tarixi, ənənələri, coğrafi mövqeyi, diplomatik orqanlarının yaranması və hazırkı vəziyyəti, o cümlədən Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə aparılan köklü islahatlar, ölkəmizin sosial-iqtisadi inkişaf modeli və regionun nəqliyyat qovşağına çevrilməsi, iqtisadiyyatın şaxələndirilməsi və sair mühüm məqamlar barədə geniş məlumat verən şöbə müdiri Hikmət Hacıyev Azərbaycan xarici siyasətinin əsasları, onun strateji mövqeyi, region dövlətləri ilə münasibətləri, həyata keçirdiyi və regionun siyasi-iqtisadi xəritəsini dəyişən enerji və nəqliyyat layihələri barədə danışıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin real vəziyyətini təhlil edən Prezident Administrasiyasının rəsmisi Azərbaycan rəhbərliyinin həyata keçirdiyi sülh danışıqları prosesinin təcavüzkar Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi səbəbindən nəticə vermədiyini diqqətə çatdıraraq bildirib ki, işğalçı tərəf davamlı olaraq təmas xəttində Azərbaycanın hərbi qulluqçularının və mülki vətəndaşlarının həlak olması ilə nəticələnən təxribatlar törətməkdədir. Məruzəçi işğalçı tərəfin hazırda regiondakı bütün iqtisadi layihələrdən təcrid olunduğunu vurğulayaraq əminliklə bildirib ki, əgər təcavüzkar ölkə öz işğalçılıq siyasətindən əl çəksə bu ilk növbədə, Ermənistan üçün faydalar gətirər.

Sonda Prezident Administrasiyasının şöbə müdiri iştirakçıları maraqlandıran sualları cavablandırıb.


Müəllif: Teleqraf.com