Dünya İrs Komitəsinin 43-cü sessiyasının ilk plenar iclasında Mədəni və Təbii İrsin Qorunmasına dair Bakı Bəyannaməsi qəbul edilib.
Teleqraf.com xəbər verir ki, sessiyanın Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Bəyannaməsinin dünyada mədəni irsin qorunmasına xidmət etdiyini və beynəlxalq ictimaiyyətin diqqətinin bu məsələyə yönəldilməsi məqsədi daşıdığını vurğulayıb.
Sonra Bakı Bəyannaməsi səsə qoyularaq, iştirakçı ölkələr tərəfindən qəbul edilib. Bəyannamədə bildirilir ki, Dünya İrs Konvensiyası mədəni və təbii irsin qorunması üçün geniş miqyasda qəbul olunan beynəlxalq hüquqi sənəddir. Bəyannamədə mədəni və təbii irsin bəşəriyyət üçün əhəmiyyəti vurğulanıb. Dünya İrs Komitəsinin üzvləri bütün tərəfləri Dünya İrs Konvensiyasının həyata keçirilməsini dəstəkləməyə, Dünya İrs Mərkəzini və məşvərət orqanlarını inklüziv dialoqu və əməkdaşlığı gücləndirməyə çağırıb. Sənəddə, həmçinin silahlı münaqişələr zamanı mədəni və təbii irsin qorunması üçün UNESKO-nun gördüyü tədbirlər və göstərdiyi səylər yüksək qiymətləndirilib.