10 Sentyabr 2014 21:30
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elşən Musayev: “Bu hadisə terror üzərindən siyasət yürütməyin bünövrəsini qoydu”

2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən terror hadisəsindən 13 il ötür.

Terrorçular Nyu-York şəhərində yerləşən Dünya Ticarət Mərkəzinin qoşaqülləli binasına hücum edərək binanı darmadağın etdilər. Rəsmi məlumata görə, hücumlar nəticəsində 3 minə yaxın insan öldürüldü. 11 sentyabr hadisəsi Amerika tarixinə ən irimiqyaslı terror aktlarından biri kimi düşdü.

Bu hadisədən ötən dövr ərzində ABŞ-ın xarici və bütövlükdə dünya siyasətində nələr dəyişdi?
Məsələyə münasibət bildirən politoloq Elşən Musayevin sözlərinə görə, həmin hadisədən sonra dünya düzənində müsbətə doğru heç nə dəyişmədi. Əksinə, beynəlxalq güclər həmin terrorların fonunda öz maraqlarını güddülər: “11 sentyabrla bağlı yaxın vaxtlarda Amerika xüsusi xidmət orqanlarının əməkdaşları açıqlama verdilər ki, həmin hadisə zamanı terrorçuları zərərsizləşdirib, bloka salıb təyyarəni düşürmək mümkün idi. Bu o deməkdir ki, əslində bu terror Qərbin marağına uyğun idi, Bin Laden mifini gerçəkləşdirmək üçün zəruri idi. O terrorların fonunda bu gün şahidi oluruq ki, dünya gücləri- ABŞ, Qərb, Rusiya və digərləri dünyanın bölüşdürülməsi uğrunda mübarizə aparırlar. Dünyanın bölüşdürülməsi uğrunda mübarizə, o qədər barış siyasətinə prioritet xətt kimi götürülüb ki, dünyanın inkişafına birinci, ikinci yox, dördüncü, beşinci məsələ kimi baxılır. Bu xətti heç bir siyasətçi, hətta Barak Obamanın və ya başqasının timsalında heç kim dəyişdirə bilməz”.

E.Musayev deyib ki, indiki mərhələdə isə Bin Laden dönəmi bitdiyinə görə, “İŞİD” ortaya atılıb: “ABŞ vaxtilə Bin Laden məsələsinin həll edilməsi üçün dediyi fikirləri bu gün “İŞİD”-lə bağlı səsləndirir və bu terror qruplaşmasının qarşısının alınması üçün addımların atılmasını bildirir. Bunlar heç vaxt özbaşına yarana bilməzdi. Dünya gücləri hər region, dövlət üçün bir problem yaratmaq istəyirlər. Bizim bölgəyə baxsaq, Gürcüstan üçün Cənubi Osetiya, Azərbaycan üçün Dağlıq Qarabağ, Türkiyə üçün kürd problemi yaradılıb. Bu problemlər əslində dünya güclərinin sırf maraqlarına uyğundur. Burada əsas məqsəd odur ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bunlardan asılı olsunlar. Bu terrorların fonunda dəyişən nəsə varsa da, yaxşıya doğru deyil, pisə doğru dəyişib”.

Politoloq əlavə edib ki, 11 sentyabr hadisəsi terror üzərindən siyasət yürütməyin bünövrəsini qoydu. Buna qədər isə atom bombası və sair bu şəkildə dünyanı qorxutmaq olurdu: “Amma 11 sentyabr yeni bir ənənə gətirdi ki, insanların terrorla başını qatıb, əslində isə pərdə arxasında öz missiyalarını həyata keçirsinlər. Təbii ki, bunun regionlara necə təsir etməsi dövlətlərin gücündən asılıdır. Azərbaycana gəldikdə bu gün ölkəmizdə elə bir dövlət quruculuğu var ki, bizdə nə daxildə, nə də xarici dövlətlərin terror imkanları yoxdur. Bu gün dünyada baş verən terrorlar həmin dünya güclərinin bir növ prioritet siyasətlərindən biridir. Yəni, bu faciə və ya gözlənilməyən bir şeylər deyil. Hamısı əvvəldən nəzərdə tutulan, planlanan və həyata keçirilən proseslərdir”.

BƏXTİYAR


Müəllif: