Kiyevdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) II hesabat-seçki konfransı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, konfransda Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli çıxış edərək dörd il əvvəl fəaliyyətə başlamış UAGB-ın nəcib amallara xidmət etdiyini, vətən və dövlət naminə səmərəli tədbirlər həyata keçirdiyini vurğulayaraq, təşkilatın sədri Anar Tahirova fəaliyyətinə görə Azərbaycanın Ukraynadakı səfirliyinin ali diplomunu təqdim edib.
Diaspora İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Quliyev azərbaycanlı gənclərin təşkilatlanmasının və ölkəmizlə bağlı həqiqətlərin təbliğində fəal iştirakının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
UAGB-nin ötən 4 il ərzində həyata keçirdiyi layihələrlə Vətənə sədaqətlə xidmət etdiyini vurğulayan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dneprepetrovsk Vilayət təşkilatının sədri Qüdrət Hacıyev, konqresin Ali Məclisinin rəhbəri Akif Gülməmmədov və digərləri birliyə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
UAGB-nin sədri Anar Tahirov təşkilatın fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib. Daha sonra Ukraynanın 20 vilayətindən 80 gəncin qatıldığı konfransda qurumun yeni sədri və İdarə Heyəti seçilib. Təşkilatın möhürü və sənədləri gənclərin yüksək etimadını qazanan İlhamə Allahverdiyevaya təqdim olunub. UAGB-nin sədr kürsüsünə layiq görüldüyünə görə konfrans iştirakçılarına minnətdarlığını bildirən İ.Allahverdiyeva təşkilatın gələcək fəaliyyət proqramını açıqlayıb.
Qeyd edilib ki, İ.Allahverdiyeva Ukraynanın Kiyev vilayətinin Pripyat şəhərində doğulub, Taras Şevçenko adına Milli Universitetin tarix fakültəsinin məzunudur. O, UAGB sədrinin mədəniyyət məsələləri və ictimaiyyətlə əlaqələr üzrə müavini və İdarə Heyətinin üzvü idi.
Tədbirin sonunda bir sıra şəxslərə UAGB-ın fəxri diplomları təqdim olunub.
Bildirilib ki, UAGB 2010-cu ildə təsis edilib. Ukraynanın 19 vilayətində regional təşkilatlarını yaradan birliyin nəzdində şən və hazırcavablar klubu, milli musiqi ansamblı, “Bakı” futbol komandası fəaliyyət göstərir. Birliyin əsas məqsədi Azərbaycan xalqının qədim adət-ənənələrini, zəngin mədəni irsini qoruyub yaşatmaq, Azərbaycan həqiqətlərini təbliğ etmək, əsasən də, Ukraynada böyüməkdə olan azərbaycanlı gənclərin bu ölkənin ictimai-siyasi həyatına inteqrasiyasını təmin etməkdən ibarətdir.
Səxavət