“Bu gün, 20 noyabr, içində dövlətimizin önəmli rəsmilərinin olduğu helikopterin Qarakənd yaxınlığında vurulduğu gündən 28 il ötdü. Həmin hadisənin necə baş verdiyini, dəqiq kimin tərəfindən törədildiyini üzə çıxarmaq bir yana, ona ad qoymaq da problemə çevrilib. Əksər hallarda olduğu kimi, burada da problem kontekstdədir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri ReAl Partiyası Ali Məclisinin üzvü Erkin Qədirli deyib.
Onun fikrincə, helikopterin vurulmasını terror saymaq üçün sülh şəraiti olmalıdır:
“Amma o zamankı konteksti “sülh şəraiti” adlandırmaq olmur, doğru da deyil. Qarabağda savaş başlamışdı. Üstəlik, SSRİ dağılmışdı, ölkəmiz müstəqil dövlət olmuşdu.
Helikopterin savaş ortamında vurulduğunu saysaq, onda bir şeyi anlamalıyıq - qərarvermədə önəmli rolu olan dövlət rəsmilərinin uçduğu helikopter “qanuni hərbi hədəfdir”. Bu, o deməkdir ki, belə bir hədəfi vurmaq olar. Bu isə öz növbəsində o deməkdir ki, bu qədər dövlət rəsmisini bir helikopterə mindirib döyüş bölgəsinə yollamaq, orada qəsd olmayıbsa, cinayətkarcasına özünə güvənmə, ya da cinayətkarcasına etinasızlıq şəklində təqsirin olduğunu düşünməyə əsas verir. Başqa sözlə, məsuliyyət daşımalı olanları dövlət rəsmilərimizi bir helikopterə mindirib oraya göndərənlərin arasında axtarmaq lazımdır”.