19 İyul 2020 01:01
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyevin “TRT World”də “Ermənistanla Azərbaycan arasında sonuncu toqquşma təsadüfi deyil” adlı məqaləsi yayılıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, məqalədə gərginliyin əsas səbəbinin ATƏT-in Minsk qrupu həmsədrlərinin apardığı diplomatik danışıqların nəticəsiz qalması olduğu vurğulanır. Qeyd edilir ki, Ermənistanın hərbi qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərindən çıxarmaqdan imtina etməsi və diplomatik danışıqların formatını dəyişdirmək səyləri danışıqlar prosesinin uğursuzluğunun əsas səbəbidir.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin danışıqların mənasız olduğu və ATƏT-in Minsk qrupunun Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə son qoyması üçün təzyiq göstərməli olduğuna dair fikirləri yer alıb: “Ermənistan 2016-cı ilin Aprel döyüşlərindən fərqli olaraq bu dəfə müttəfiqlərinin dəstəyini alacağını düşünürdü. Bu da yeni hökumətin xalq arasında nüfuzunu artıracaqdı. Lakin Ermənistan yenə müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmədi. Bu, qismən Azərbaycanın KTMT üzv dövlətləri - Rusiya, Belorus, Qazaxıstan, Qırğızıstan ilə münasibətləri yaxşılaşdırması ilə əlaqədardır”.

Həmçinin “Modern Diplomacy” portalında BMTM-in əməkdaşı Nağı Əhmədovun “Ermənistan-Azərbaycan münaqişəsində yeni qaynar nöqtə” adlı məqaləsi dərc olunub. Müəllif yazır ki, iyulun 12-də bütün dünyanın COVID-19 böhranı ilə mübarizə apardığı bir vaxtda Ermənistan Azərbaycanın Tovuz rayonu istiqamətində yeni ərazilər ələ keçirmək üçün hücum edib. Məqalədə bildirilir ki, bununla yanaşı, Yerevan Azərbaycanı ilk hücum etməkdə ittiham edir. Qeyd olunur ki, son hadisələr Yerevanın Madrid Prinsiplərindən imtina etmək istədiyini və hərbi işğalın nəticələrini möhkəmləndirməyə cəhd etdiyini göstərir.

Müəllif Azərbaycan sərhədində gərginliyi ilk kimin başlatdığına dair əsaslandırma irəli sürərək bildirir ki, danışıqlar nəticəsiz olduqdan sonra gərginliyin başlaması qaçılmaz idi. Bu xüsusda Nağı Əhmədov Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin mayında Azərbaycanın tarixi Şuşa şəhərinə səfərinin Azərbaycan xalqı arasında ciddi narazılığa səbəb olduğunu qeyd edir. Həmçinin müəllif bildirir ki, münaqişənin alovlanması xalqın diqqətini koronavirus pandemiyasının yaratdığı iqtisadi problemlərdən yayındıracaq və bu baxımdan Ermənistanda vəziyyət daha pisdir: “Aydındır ki, sərhəddə baş verən toqquşmanın səbəbi həll olunmamış münaqişədir. İşğal olunmuş Azərbaycan torpaqlarında status-kvonun möhkəmləndirilməsi cəhdi həll yolu deyil”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər