Vətən Müharibəsində mülki şəxslərə və onların mülkiyyətinə dəymiş ziyanın aradan qaldırılması daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Hələ müharibənin aktiv fazası başa çatmamış bu istiqamətdə müvafiq addımlar atılmağa başladı və evləri erməni vandalları tərəfindən yararsız hala salınan vətəndaşlarımızın müvəqqəti məskunlaşdırılması və zəruri məişət ehtiyaclarının qarşılanması ilə bağlı operativ tədbirlər həyata keçirildi. Sonrakı mərhələdə isə yaranmış problemin birdəfəlik həlli ilə bağlı qərarlar qəbul edildi.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, bununla bağlı Prezident İlham Əliyev tərəfindən “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixində müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən Baş nazirin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb və dərhal sərəncamın icrası ilə bağlı aidiyyəti üzrə 11 işçi qrupu yaradılıb:
“Beləliklə, 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq addımlar atlıdı.
İlkin qiymətləndirmələr başa çatdıqdan dərhal sonra Prezident İlham Əliyevin növbəti sərəncamı ilə problemin aradan qaldırılması, zərərçəkmiş şəxslərə ilkin yardım göstərilməsi istiqamətində fəaliyyətə başlandı. Dekabrın 14-də imzalanan növbəti sərəncama uyğun olaraq təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb”.
Hikmət Babaoğlu qeyd edib ki, maliyyələşməni nəzərdə tutun maddi yardım yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödəniləcək. Onun sözlərinə görə, bu, şəffaflığı təmin etməklə yanaşı zərərçəkənlərin ayrılan yardımı qısa müddətdə və maneəsiz almasına kömək edəcək:
“Yardımın miqdarı isə dəymiş zərərə adekvat olmaqla, şəxsi ziyanı da əhatə edəcək. Evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhali məişət əşyalarına görə 6000 manat və əlavə olaraq hər bir ailə üzvü şəxsi əşyalarına görə 1500 manat maddi yardım alacaq. Qismən ziyan dəymiş evlər üzrə isə ailə üzvlərinin sayından asılı olmayaraq, hər bir ailəyə 1000 manat maddi yardım veriləcək.
Xüsusilə vurğulanmalıdır ki, cənab prezidentin müvafiq sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi, qiymətləndirilməsi və bərpası istiqamətində işlər təxirə salınmadan davam etdirilir. Növbəti mərhələdə mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılacaq.
Göründüyü kimi, zərəçəkmiş vətəndaşlarımıza dəyən ziyan ayrı-ayrı komponentlər üzrə xüsusi diqqətlə qiymətləndirilib və bundan sonrakı mərhələdə də vəziyyətə uyğun olaraq növbəti addımlar atılacaq. Bütün bu tədbirlər nəzərdə tutulmuş müddətlərdə, tez bir zamanda həyata keçiriləcək. Bütün bunlar bir daha Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaşın mənafeyinin ən öndə olduğunun göstəricisidir”.