Türkiyə-Azərbaycan münasibətlərinin Vətən Müharibəsindəki zəfərdən sonra yeni dönəmə qədəm qoyduğu görünür. Türkiyə bu müharibə günlərində bir çox paytaxtlardan təzyiqlərə, kampaniyaya məruz qaldı, amma bu təzyiqləri edənlər gördülər ki, Türkiyəni yolundan döndərmək mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Türkiyə Prezident Administrasiyası Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Burhanəddin Duran bildirib.
O qeyd edib ki, Türkiyənin siyasi, hərbi, psixoloji, diplomatik, ağla gələn hər sahədə Azərbaycanın yanında olacağı artıq çox konkret şəkildə ortadadır:
“Sahədə də praktik nəticələr əldə edilib. Bu zəfər Azərbaycan tarixində önəmli bir zəfərdir. Bu zəfər regionda tamamilə, köklü şəkildə yeni şərait formalaşdırıb. Türkiyə və Azərbaycan sülhdən yanadır. Xalqların bir arada yaşamalarına, birlikdə iqtisadi, ticari, mədəni, turizm və bir çox sahədə inteqrasiyasına tərəfdardır. Əgər Bakı və Ankaranın bu qərarlarına İrəvan da dəstək versə, Qafqazda tamamilə yeni bir dönəmin önü açıla bilər”.