2 Mart 2021 10:52
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son həftələr koronavirusa yoluxma sayında tənzimlənən volatilliyin müşahidə edilməsi epidomoloji qaydaların icrasına nəzarəti gücləndirməklə digər sektorlarda da iqtisadi fəaliyyətin bərpasını gündəmə gətirir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, xüsusən idman zallarının yeni qaydalar çərçivəsində fəaliyyətinin bərpası məqsədəuyğun olar: “Toy mərasimlərinin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq, bu sferada hələ də açılıma gedilmir. Daha yaxşı olardı bəlli standartlarla bu sahədə də aktivlik bərpa edilsin.

Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımdan da vacib hesab olunur”.

Vüqar Bayramov Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsinə də toxunub.

O bildirib ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi də vacibdir:

“Buna görə də, iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməsinə ehtiyac var. Yalnız bu halda həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər