Musa Qasımlı: “Onlar əsassız iddialarından əl çəkməyəcəklər”
“Erməni tərəfi sivil insanların arasına qarışan Azərbaycan əsgərlərinin bir hissəsinin qaçarkən atəş açmalarını əsas gətirərək baş verən qətliamı müharibə vəziyyətinə uyğunlaşdırmağa çalışdılar”.
Bu sitat yaxın günlərdə Türkiyənin baş naziri Əhməd Davudoğlu tərəfindən baş müşavir təyin edilən milliyətcə erməni Etyen Mahçupyanın 2012-ci ilin 26 fevralında qələmə aldığı “Xocalı qətliamı” yazısındandır.
Hər zaman Türkiyəyə qarşı uydurma soyqırımı iddisanın və Xocalı soyqırımı inkarının müəllifi olan yazar E.Mahçupyan adlı erməni millətçisinin baş müşavir təyin edilməsi hansı məqamlardan xəbər verir?
Türkiyə hökuməti tərəfindən atılan bu addım Azərbaycanla qardaş ölkə arasında münasibətlərə xələl gətirəcəkmi?
Məsələyə münasibət bildirən millət vəkili, professor Musa Qasımlı bildirib ki, Türkiyə ənənəsi olan, dərin bir dövlətdir. Onun sözlərinə görə, Türkiyədə bu təyinat qardaş ölkənin daxili işidir və ona hər hansı bir müdaxilə qətiyyən yolverilməzdir:
“Həm Osmanlıda, həm də Türkiyə Cümhuriyyətində hamıya bərabər münasibət bəslənilir, heç vaxt birinci və ikinci sinif xalq, etnik qrup olmayıb. Bu, bir daha təsdiq edir ki, Türkiyədə heç vaxt anti-erməni əhval-ruhiyyəsi olmayıb, ermənilərə xoş münasibət bəslənilib. Düşmənçilik edən Türkiyə deyil, Ermənistandır. Həm də Ermənistan ilə Türkiyədə yaşayan ermənilər arasında müəyyən qədər fərqlərin olduğuna da diqqət yetirmək lazımdır. Türkiyə Cümhuriyyətində yaşayan ermənilər vətəndaş kimi bütün hüquqlardan istifadə edirlər”.
2015-ci ildə uydurma erməni soyqırımı məsələsi ilə bağlı M.Qasımlı deyib ki, “erməni soyqırımı” deyilən bir şey olmayıb, bu, ermənilərin uydurmasıdır. Onun sözlərinə görə, son hədəf Türkiyədən torpaq almaq və tarixdə heç zaman olmayan “Böyük Ermənistan” yaratmaqdır.
Millət vəkili vurğulayıb ki, uydurma soyqırımı “Böyük Ermənistan” qurmaq üçün bir vasitədir: “Bir kimya mühəndisinin, siyasətşünasın, qəzetçinin Türkiyə baş nazirinin müşaviri təyin edilməsinin Azərbaycan üçün elə də bir təsiri yoxdur. Azərbaycan-Türkiyə münasibətləri şəxslər üzərində qurulmayıb, bu münasibətləri xalqlarımız müəyyənləşdirir. Ona görə də bir şəxsin baş nazirin müşaviri seçilməsi Azərbaycanda heç bir əndişə yaratmamalıdır. Osmanlı zamanında da poçt və teleqraf, xarici işlər və maliyyə nazirləri ermənilər idi. Cümhuriyyət dövründə də ermənilər müxtəlif vəzifələr tutublar. Məsələn, Türk Dil Qurumunun rəhbəri Akop Dilaçar olub. O da türk dilini ingilis, fransız sözləri ilə doldurub. İndinin özündə də Türkiyə mediasında, müxtəlif dairələrdə ermənilər var, onlar bu ölkənin bərabər hüquqlu vətəndaşlarıdır ”.
Millət vəkili qeyd edib ki, erməni əsilli bu müşavir “Aqos” qəzetində dərc etdiyi məqalələrdə erməni təəssübkeşliyini əks etdirsə də, onun Türkiyə siyasətinə təsir etmək imkanları çox aşağı səviyyədədir: “Ancaq Türkiyə hökuməti ermənilərə nə qədər isti qucağını açsa da, onları layiq oldu-olmadı mühüm vəzifələrə yerləşdirsə də, ermənilər heç bir zaman uydurma soyqırımı tanıtma və Türkiyəyə qarşı iddialarından, təzminat tələblərindən imtina etməyəcəklər. Bəlkə də Türkiyə bunu bildiyi üçün dünyaya göstərir ki, ermənilərə isti münasibət göstərilsə də, onlar düşmənçilikdən əl çəkmirlər. Amma indiki şəraitdə Türkiyə və Azərbaycan əleyhinə olan bir şəxsin mühüm hökumət vəzifəsinə gətirilməsi türk ictimaiyyəti tərəfindən xoş qarşılanmaz və təbiidir ki, Azərbaycan ictimaiyyəti də bundan heç bir zaman razı qala bilməz. Türkiyə hökuməti daxildə qərarları qəbul etməkdə nə qədər müstəqildirsə, ictimai rəyi də nəzərə almalıdır. Türkiyə hökumətinin bu addımı yanlışdır”.
BƏXTİYAR