Tarix boyu bütün fəaliyyətlərini yalan və iftiralar üzərində quran erməni cəmiyyəti bu vərdişlərindən qurtula bilmir. Təəssüf ki, onların yalanlarına bəzi dövlətlər, təşkilatlar, media quruluşları da alət olurlar. Reallıq üzə çıxana qədər erməni yalan maşını ictimaiyyəti aldatmaqda davam edir. Sözsüz ki, sonda həqiqət qalib olur. 44 günlük müharibə və bunun yaratmış olduğu yeni bir reallıq var. Amma nə ermənilər, nə də ki 10 illiklər boyu onların yalanlarına inanlar yeni şərtləri qəbul etmək istəmirlər.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, 44 günlük müharibədə iqtisadiyyatı və ordusu darmadağın olan, amma bunu həzm edə bilməyən ermənilər yeni yalanlar uydururlar:
“Bu dəfə onlar Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair yalan məlumat yayıblar. Bu həm də onu göstərir ki, ermənilər zəhərli ideologiya və xəstə təxəyyüldən hələ xilas olmayıblar. Cəbrayılda işğal vaxtına kimi, ümumiyyətlə, 1 nəfər də olsun erməni yaşamayıb. Cəbrayıl işğal olunduqdan sonra isə ermənilər Cəbrayılda xəstəxananı hərbi hissəyə çeviriblər. Yaxınlığında isə özləri üçün ibadətgah inşa ediblər. İndi isə onu kilsə kimi qələmə verirlər. Ermənilərin müvəqqəti köçdükləri ərazilərdə kilsə tikmək adətidir. Çünki bir müddət sonra oranın özlərinə məxsusluğunu iddia edəcəklər. Bu, ermənilərin köhnə oyunudur”.
Ceyhun Məmmədov xatırladıb ki, ermənilərin sonrakı dövrdə saxta tarix yazaraq bölgənin qədim xalqlarından biri olduğunu sübut etmək, hay-küy salmaq metodları var:
“Cəbrayıl rayonunda 5 tarixi məscid var idi. Həmin məscidlər Daşkəsən, Süleymanlı, Məzrə, Çələbilər və Papı kəndlərində yerləşib. Papı və Süleymanlı kəndlərindəki məscidlərin yalnız qalıqları qalıb. Ermənilər bu məscidləri də yerlə yeksan ediblər. Digər kəndlərimizdəki məscid, türbə və ziyarətgahlar dağıdılıb. Bu fakt ermənilərin hansı mənəviyyat, əxlaq və tərbiyə sahibi olduğunu göstərir. İşğal müddətində Azərbaycanın 64 məscidindən cəmi 3 bu gün qismən salamat qalıb. Bu məscidləri də ermənilər öz məqsədləri üçün saxlayıblar. Amma digər məscidlər tamamilə dağıdılıb. Azərbaycan xalqının, islam dəyərlərinin izləri silinməyə cəhd olunub. Alban kilsələrini dağıdıb erməniləşdirməyə, qriqoryanlaşdırmağa çalışıblar. Rus-provaslav kilsəsi də ermənilər tərəfindən barbarcasına dağıdılıb. İşğal dövründə Azərbaycan xalqına məxsus bütün qəbiristanlıqlar dağıdılıb, şumlanıb. Şuşada olan bütün mədəni abidələr barbarlığa məruz qalıb. Vaqifin məqbərəsi, Bülbülün ev muzeyi, Pənahəli xanın sarayı və bütün tarixi, mədəni abidələr dağıdılıb, talan edilib. İşğaldan sonra bunu bütün dünya ictimaiyyəti də açıq şəkildə gördü”.
Millət vəkilinə görə, ermənilər dağıtdıqları tarixi dəyərlər fonunda bəzi ərazilərimizdə məqsədli şəkildə, ibadətgahlar, kilsələr tikməyə çalışıblar:
“Cəbrayılda, Laçında bu cür kilsələr, ibadətgahlar tikilib. Onun da məqsədi olub. BBC-nin reportajında bunu açıq görmək olur. Amma sual yaranır ki, niyə BBC, YUNESCO və digər təşkilatlar Azərbaycanın tarixi, dini, mədəni abidələrinin ermənilər tərəfindən dağıdılmasına biganə yanaşır? Nədənsə, bu qurumlar ermənilərin törətdiyi dağıntılar, 64 məscid haqqında bir dənə də olsun məlumat yayımlamırlar”.