31 mart soyqırımının növbəti ildönümüdür.
Bu soyqırımı aktı Azərbaycan dövlətinin qurulmasının qarşısını almaq məqsədilə törədilən ən amansız hadisə olduğuna görə unudulmaması vacibdir.
31 martdan bəhs edərkən iki sual həmişə ortaya çıxır: Bu hadisə niyə və nə cür törədildi?
İkinci sualın cavabı çox dəqiqdir. Çünki Azərbaycan Cümhuriyyəti hökuməti 1918-ci ilin 15 iyulunda bu hadisəni araşdırmaq və tarixdə unudulmaması üçün Fövqəladə Təhqiqat Komissiyasının təşkil edilməsi barədə ilkin addımı atıb, 31 avqustda isə artıq Ələkbər bəy Xasməmmədovun sədrliyində komissiya yaradılıb.
Mart soyqırımı niyə törədildi?
Çar Rusiyasının dağılmasından sonra Qafqazın üç xalqı Tiflisdə birlikdə hökumət qursalar da, Bakı Leninin beynəlmiləl canisi Stepan Şaumyanın əlindəydi, zəngin neftə, strateji mövqeyə malik bu şəhər bolşeviklər üçün olduqca mühümdü. Bakını əldə saxlamaq üçün azərbaycanlıların yaşadığı bütün ərazilərə hakim olmağın vacibliyini başa düşən Şaumyan şəhərdəki Müsavat partiyasının gücünü, eləcə də muxtariyyət tələbindən müstəqillik tələbinə doğru irəliləyən xalqın əzmini qırmaq üçün müdhiş bir fəlakətin törədilməsini gərəkli hesab etdi. Əgər o, Azərbaycanda hakim olardısa, ardınca Türkiyənin şərq vilayətlərini də ələ keçirmək vədini almışdı.
Ona görə də əvvəlcə Bakı, Şamaxı, Qubada soyqırımı aktı törədildi, ardınca milli qüvvələrin olduğu Gəncəyə doğru irəliləməyi qarşısına hədəf qoydu.
Şaumyanın Bakı şəhərində dağıtdığı binalara baxdığımız zaman da məqsədinin müsəlmanların dövlət qurmasının qarşısını almaq olduğu açıq görünür. Ziyalı kəsimin toplandığı və məmləkət məsələlərinin həll edildiyi İsmailiyyə binası, azərbaycanlıların əsas mətbu orqanı olan “Açıq söz” qəzeti, xalqın bir araya toplaşdığı Təzəpir məscidi və bütünlükdə indiki İstiqlaliyyət küçəsi və ətrafı.
Beləliklə, mart soyqırımımın əsas məqsədi:
Azərbaycan adlı dövlət olmasın;
Azərbaycan xalqı Bakıda hakim olmasın.
Qayıdaq cinayətlərin necə törədilməsinə.
Dövlət arxivlərində Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Klugenin komissiya sədrinə yazdığı məruzə saxlanılır. Hörmətli alimimiz Solmaz Tohidi “1918. Azərbaycan qırğınları şəkil və sənədlərdə” adlı kitabında həmin məruzənin mətnini təqdim edib. Oradakı cinayətin formasını oxuduğumuz zaman 1992-ci ildə Xocalıda və digər bölgələrimizdə törədilən soyqırımı aktları ilə necə eynilik təşkil etməsi insanı dəhşətə gətirir. Nə qədər ağrılı olsa da, məruzədən həmin sətirləri təqdim edirik:
“Mart hadisələri zamanı 11 minə yaxın müsəlman qətlə yetirilmişdir; onların əksəriyyətinin cəsədi aşkar edilməmişdir, çünki ermənilər onları yanan evlərin içinə, dənizə və quyulara atmışlar. Heydərqulu Quliyevin dediyinə görə, o, şəhərin bir neçə rayonlarında müsəlman mənzillərinə baş çəkərkən dəhşətli dərəcədə eybəcər hala salınmış meyitlərə rast gəlmişdir. Məsələn, o, öz bacısı oğlu Bəşər Cəfərovun cəsədini başı bədənindən ayrılmış, qolu kəsilmiş halda və bədənində üç süngü yarası ilə tapmışdı, həm də onun başını harasa aparmışdılar. Sonra o, cinsiyyət orqanı kəsilmiş kişi cəsədini, onun cinsiyyət orqanının yaxınlıqda öldürülmüş müsəlman qadının ağzına qoyulmuş vəziyyətdə görmüşdü. Digər yerdə boğazı kəsilmiş gənc müsəlman qadın uzanmışdı, onun sinəsi üzərinə isə xəncərlə doğranmış bir yaşlı oğlan uşağı elə vəziyyətdə qoyulmuşdu ki, uşağın ağzı qadının döşünün giləsində olsun. Bətnindən körpələri yarılıb çıxarılmış, döşləri, burnu, qulaqları kəsilmiş, uşaqlıq yoluna paya sancılmış müsəlman qadınların cəsədlərinə rast gəlinirdi. Bir yerdə isə od pilətəsinin üzərində dəhşətli əzablardan can vermiş körpənin yanıb qaralmış cəsədi tapılmışdı. Digər yerdə isə ağac paya ilə qarnından torpağa mıxlanmış oğlan uşağının cəsədi uzanıb qalmışdı. Bir çox qadınların vəziyyətindən görünürdü ki, onlar ölüm qabağı zorlanmaya məruz qalmışlar”.
Hadisəni aktlaşdıran fotoqrafın şəkil çəkməkdən imtinası da məruzədə bu formada yer alıb:
“Axundov Sokolovla birlikdə dördüncü evə daxil olduqda, onların qarşısında aşağıdakı səhnə açılmışdı: böyük otağın döşəməsində 22-23 yaşlarında çılpaq qadının, iki qarının, altı yaşında qızın, səkkiz yaşlı oğlanın və südəmər körpənin cəsədi var idi; körpənin əl və ayaqlarını üç it gəmirirdi. Təsvir edilən səhnə Sokolova o dərəcədə təsir etmişdir ki, o fotoşəkil çəkməyə davam etməkdən imtina etmişdir”.
Cinayət formasından bu qədər bəhs etmək yetərlidir. Bunlar nağıl və ya hansı uydurmalar deyil. Qeyri-türk birinin hazırladığı məruzədir və real faktlara əsaslanır. Bu məruzə ilə tanış olan Rəsulzadə, görünür, bundan o qədər təsirlənib ki, 1923-cü ildə İstanbulda dərc etdirdiyi məqaləsində məhz Klugenin məruzəsindəki faktları yada salıb.
Beləliklə, 31 mart Azərbaycanın dövlət və millət olmasının qarşısını almaq üçün törədilən ən qanlı hadisələrdən biridir.
Azərbaycan hökuməti bu cinayəti soyqırımı aktı kimi tanımaqla ən doğru qiyməti verib.