Rusiya Federal Gömrük Xidmətinin Ermənistana qanunsuz olaraq aparıldığı iddia olunan müəyyən hərbi texnikanın göndərilməsi cəhdinin qarşısının alınmasına dair yaydığı məlumat düşünmək üçün müəyyən ipucları verir. Əgər bu Rusiyanın Ermənistana yönəlik qanunsuz, qaçaqmal silah ticarətinin genişlənməsinə qarşı həqiqətən ciddi addım atmaq niyyətindən xəbər verirsə, təqdirəlayiqdir. Biz də Rusiyanın Ermənistana özünün silah zavodlarından və hərbi hissələrindən qanunsuz yolla, həm də təcavüzkar siyasəti gücləndirə bilən növlərdə silah ixracı üzərində ciddi nəzarət qoymasına inanmaq istərdik. Ancaq real vəziyyət tam şəkildə bunun belə olduğuna inanmağa əsas vermir.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.
O qeyd edib ki, əgər Rusiyanın hakimiyyət dairələri Ermənistana qanunsuz silah ixracı prosesini doğrudan da ciddi nəzarətə götürmək istəyirlərsə, bunun üçün sonrakı proseslərə tam şəkildə nəzarət etməklə bərabər daha çox indiyədək meydana çıxmış faktların araşdırılmasında prinsipiallıq göstəməlidirlər:
“2020-ci ilin iyul ayında Ermənistan Azərbaycana qarşı cəbhənin Tovuz istiqamətində təxribat törədəndən cəmi 5 gün sonra müəyyən yük və hətta sərnişin təyyarələri ilə, müxtəlif dövlətlərin üzərindən keçməklə qanunsuz yolla Rusiyadan Ermənistana yüzlərlə ton hərbi sursat və texnika aparılmasına dair məlumat yayıldı. Həm də bu məlumatı çox mötəbər mənbə sayılan Azərbaycan Prezidenti yaydı. Bu günədək Ermənistana o zaman aparılmış hərbi texnikanın və silahların mahiyyəti barədə tutarlı bir izah verilməyib. Yaxud bu günlərdə Şuşa yaxınlığında tapılmış Rusiya istehsalı olan “İskəndər M” raketinin qalıqları da hələlik Rusiya tərəfindən lazımi izahatla qarşılanmayıb. İzahat verilməyib ki, bu raketlər Ermənistana necə gedib çıxıb və bu raketləri Azərbaycana ümumiyyətlə kim atıb”.
Aydın Quliyevin sözlərinə görə, bu səbəbdən Rusiyanın indiki şəraitdə Ermənistana qanunsuz silah ixracı üzərində nəzarəti gücləndirməsi kimi görünən məlum fakt belə qənaətə gəlməyə əsas verir ki, əslində bu fakt indiyə qədərki qanunsuz silah ixracatları ilə bağlı məsələni unutdurmaq, gündəmdən çıxarmaq və ört-basdır etmək cəhdidir:
“Yaxud Rusiya bununla Azərbaycanın narahatlığını və narazılığını aradan qaldırmağa çalışır. Burada bir görüntü yaratmaq cəhdi də var. Guya həqiqətən də Ermənistana Rusiyadan silah ixracı üzərində artıq Rusiya dövlətinin ciddi nəzarət mexanizmləri yaradılmaqdadır. Ancaq əlbəttə bütün bunlar Azərbaycanı heç cür qane edə bilməz. Rusiya Ermənistana qanunsuz silah ixracının tam şəkildə nəzarətə götürüldüyünə inam yaratmaq üçün daha ciddi addımlar atmalıdır. İndiyə qədər Ermənistana qanunsuz göndərilmiş və Azərbaycana qarşı təcavüzkar siyasəti daha da gücləndirməyə imkan verən silahların mahiyyəti və mənşəyi barədə daha geniş izahlar verməlidir və bu qanunsuz silah ixracında maraqlı olan Rusiyanın dövlət məmurları lazımi cəzanı almalıdır. Bilirsiniz ki, Rusiya hakimiyyətində erməni lobbiçiləri var. Rusiya Ermənistana qanunsuz silah ixracının qarşısını almağa hər nə qədər cəhd göstərsə də hakimiyyət daxilindəki erməni lobbiçiləri zaman-zaman öz işlərini görürlər. Buna görə də Rusiya Federal Gömrük Xidməti Ermənistana qanunsuz aparılan sursatın qarşısını almaqda belə prinsipiallıq göstərirsə, Rusiyanın digər hüquq-mühafizə orqanları, o cümlədən cinayət təqibi orqanları da Rusiyadan Ermənistana qanunsuz silah ixracında barmağı olan rusiyalı məmurların, yaxud erməni lobbiçi məmurların cinayət təqibində eynilə prinsipiallıq göstərməlidir. Əgər bu istiqamətdə addımlar atılarsa, onda Azərbaycan inana bilər ki, Rusiyadan Ermənistana qanunsuz silah ixracı məsələsində də bizim ölkəmiz üçün ciddi təhlükələr olmayacaq”.
Qeyd edək ki, bu gün Rusiya Federal Gömrük Xidməti tank stabilizatorunun ehtiyat hissələrinin Ermənistana göndərilməsi cəhdinin Ural operativ gömrüyünün əməkdaşları tərəfindən alındığı barədə məlumat yayıb. Məlumatda qeyd olunur ki, hərbi təyinatlı məhsullar – 37 ədəd 8L026P stabilizator hissəsi və tank stabilizatorunun idarəetmə bloku üçün 30 ədəd RP-5 polarizasiya relesi Cənubi Ural sakini tərəfindən kuryer xidməti vasitəsilə göndərilib. Çatdırılmanı təşkil etmək üçün Rusiya Federasiyası vətəndaşı nəqliyyat və logistika şirkətinə ixrac üçün saxta etibarnamə təqdim edib.
Ələ keçirilmiş stabilizatorlar T-72 tankları da daxil olmaqla hərbi texnikada quraşdırılır.
Məlumata görə, Rusiya Federasiyası vətəndaşı stabilizatorların ixracı üçün icazəsinin olmadığını etiraf edib.