Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə keçirilən mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə yekun vurulub.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, son təlim iyunun 3-də Füzuli rayonunda keçirilib.
Yüksək ixtisaslı mütəxəssislər təlim iştirakçılarına risklər və təhlükəsiz davranış haqqında ətraflı məlumat verib, minalar və partlamamış hərbi sursatlardan qorunmaq üçün zəruri addımları izah ediblər. Səfərlər zamanı təhlükə əlamətlərinə və işarələrinə diqqət etmək, müharibənin partlayıcı qalıqları ilə rastlaşdıqda davranışın təhlükəsizlik üçün əhəmiyyəti vurğulanıb.
Ağdam, Tərtər və Füzuli rayonlarında keçirilən təlimlərdə ümumilikdə 60 nəfər iştirak edib. Təlimə əsasən, əhali ilə daha çox təmasda olan təhlükəsizliyə dair məlumatları digər şəxslərlə bölüşə bilən şəxslər - müəllim, şagird və icra nümayəndələri cəlb edilib.
Qeyd edək ki, Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə cəbhə xəttində yaşayan əhalinin maarifləndirilməsi üçün müxtəlif tədbirlər keçirilir. 2019-cu ilin aprel və sentyabr aylarında Qarabağın işğaldan azad edilmiş ərazisində, hazırda Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində, 2020-ci ilin sentyabr ayında isə Ağdam rayonunun Quzanlı qəsəbəsində ilk yardım göstərilməsi üzrə təlimlər təşkil edilib.