27 sentyabr bölgənin taleyinin dəyişdiyi tarixin, 44 gün davam edən müharibədə Zəfərə gedən yolun başlanğıcıdır.
Bu fikirləri 27 sentyabr - Anım Günü ilə bağlı Teleqraf.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
O bildirib ki, Ali Baş Komandan İlham Əliyev dünyaya üstün komandir, üstün lider olduğunu qəbul etdirdi:
“Bu gün cənab Prezidentin siyasi gücünün, xalqın içindəki sevgisinin, media gücünün aydın görünməyə başladığı tarixdir. Azərbaycanımızın müasir ordusunun Ermənistanı diz çökdürdüyü, ağ bayraq qaldırtdığı günə gedən yoldur. Türkiyə-Azərbaycan qardaşlığının da zirvəyə qalxdığı yolun başlanğıcıdır. Həmçinin Türkiyə-Azərbaycan xalqlarının bir-birinə kilidləndiyi, Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdoğan, Türkiyə Milli Məclis sədri Mustafa Şentop, Prezident köməkçisi Fuad Oqtay, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hülusi Akar və bütün türk xalqının Azərbaycanla həmrəy olduğu günün başlanğıcıdır. Bundan sonra da bu birlik daha da çox güclənəcək”.
Hulusi Kılıç qeyd edib ki, Qafqazda sülh bərqərar oldu:
"27 sentyabr tarixdə yerini alıb. 10 Noyabrda imzalanan bəyannamə, Ermənistanın kapitulyasiya aktına tabe olması ilə atəşkəs oldu. Can Azərbaycanımızın ordusunun gücü dünya tarixində yer aldı, dünya silahlı qüvvələrində, ordularında bu qələbə hələ uzun illər danışılacaq, təhlil ediləcək. Azərbaycan ordusu 44 gündə işğal edilən torpaqları azad etdi. Bu, çox böyük uğurdur. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Qazilərimizə möhkəm cansağlığı arzulayıram”.