18 Noyabr 2021 12:23
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məişət zorakılığı və uşaqlara qarşı zorakılıq hadisələri əsas problemlərdəndir. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanları nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları bu sahədə profilaktik işi təşkil edir, zərərçəkmişlərə lazımı psixoloji və hüquqi yardımlar göstərilir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, komitənin regionlarda fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzləri risk qrupuna aid uşaqlara dəstək göstərir, vətəndaşların müraciətləri əsasında onlar müvafiq sosial xidmətlərə yönəldilirlər: "Valideyn məsuliyyəti məsələsi uşaqların formalaşması və müdafiəsində vacib amillərdəndir. Biz bunu daim diqqətdə saxlamalıyıq".

Bahar Muradova komitə tərəfindən erməni təcavüzü nəticəsində əziyyət çəkən ailələrə də dəstəyin davam etdiyindən söz açıb: "Ötən forumun əsas müzakirə mövzularından biri Ermənistanın təcavüzkar siyasəti nəticəsində hüquqları pozulmuş, fiziki və psixoloji cəhətdən gərginlik yaşayıb, öz torpaqlarından qaçqın və məcburi köçkün düşmüş uşaqlar, onların problemləri idi.

Hazırda dövlət bu uşaqların və onların ailələrinin işğaldan azad olunmuş torpaqlarda yenidən qurma işlərinin nəticəsində öz evlərinə qayıtması məsələsi ilə məşğuldur.Artıq onlar keçmiş köçkündürlər.

Dövlət komitəsi olaraq digər müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti qurumları ilə həm birinci Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi zamanı mülki əhaliyə qarşı yönələn erməni terrorundan zərər çəkmiş, psixoloji travma almış uşaqlar və ailələri ilə aparılan psixososial işləri davam etdiririk. Xüsusilə qeyd etmək istəyirəm ki, uşaqlar və gənclər könüllü qruplarında bu sahədə bizim ən yaxın dəstəkçimizdir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər