10 Fevral 2022 09:05
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər. Bu barədə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Prezidentin Fərmanında qeyd edilir.

Fərmana olunmuş əlavəyə görə, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Bundan əlavə ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka şərtlərindən yararlana bilər.

Qaydaya əsasən, Fondun Himayəçilik Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri müəyyən olunana qədər, kredit üzrə illik faiz dərəcəsi 8 faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.

Teleqraf.com-un suallarını əmlak sektoru üzrə mütəxəssis Ramil Osmanlı cavablayıb.

- Ramil müəllim, güzəştli ipotekanın verilmə qaydasına olunan dəyişikliyi necə şərh edərdiniz?

- Dövətin qanunvericiliklə müəyyən etdiyi yeni normalar əsasında KİV sahəsində fəaliyyət göstərən şəxslər də güzəştli ipoteka krediti əldə edə biləcəklər. Həmçinin gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.

Məlumdur ki, Azərbaycanda güzəştli ipoteka müəyyən kateqoriyadan olan insanlara verilir. Bu yeniliyə qədər şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxslər, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxslər, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər və idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) olan şəxslər güzəştli ipotekada yararlanmaq hüququ var idi. Artıq bu kateqoriyaya jurnalistlər də əlavə olundu.

Ümumi ipotekada faiz dərəcəsi maksimum 4%-dir. İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə ilkin ödəniş tələbi 15%, zəmanətsiz isə müvəkkil kredit təşkilatının (bankın) tələbindən asılı olaraq bu rəqəm 20-25 və ya 30 faiz də ola bilər. Yəni zəmanətsiz kredit faizləri bankdan asılı olaraq dəyişir.

- Hazırda həm onlayn, həm də çap mediyasında çalışan jurnalistlərin əksəriyyəti əmək müqaviləsi olmadan, yəni qeyri-rəsmi fəaliyyət göstərir. Yeni dəyişiklik bu şəxslərə də şamil olunurmu?

- Əmək müqaviləsi olmadan çalışan jurnalist Media Reyestrinə daxil edilə bilməyəcək. Yeni qanunvericiliklə Media Reyestrinə daxil olmağın öz norma və qaydaları var. Xüsusilə onlayn və çap mediasında çalışan jurnalistlərin Reyestrə daxil olması üçün mütləq şəkildə redaksiyada hüquqi şəxslə əmək münasibətlərini rəsmiləşdirməlidir. Əmək müqaviləsi yoxdursa, Media Reyestrinə daxil oluna bilməz, nəticədə bu şəxsin də faktiki olaraq güzəştli ipotekadan yararlanmaq imkanı yoxdur. İpoteka kreditlərinin verilməsində əsas şərtlərdən biri rəsmi iş yerinin olmasıdır.

Sosial şəbəkələrdə aktiv müzakirələr gedir, razı tərəflər də var, narazı qalanlar da. Amma İpoteka və Kredit Zəmanət Fondu bu təklifi çoxdan vermişdi. Digər şəxslərin də güzəştli ipoteka kreditindən istifadə etmək hüququndan yararlanması məsələsi müzakirə olunurdu. Nəhayət, qərar qəbul olundu.

Bəzən müşahidə edirik ki, işəgötürənlə işçinin əmək münasibətləri qeyri-rəsmidir. Amma işçi işəgötürəndən yox, İpoteka və Kredit Zəmanət Fondundan narazılıq edir. Bu, belə olmamalıdır. Hesab edirəm ki, jurnalistlər əmək münasibətlərində olduğu şəxslərdən rəsmi əmək müqaviləsi tələb etməlidirlər.

- Güzəştli ipoteka kreditindən yararlanmaq üçün jurnalistin nə qədər rəsmi gəliri olmalıdır?

- Əgər gənc ailədirsə, övladı yoxdursa, tərəflərdən birinin rəsmi gəliri təqribən 750-800 manatdırsa, bu, güzəştli ipoteka kreditindən yararlanmağa kifayət edir. Əgər ailədə 1-2 övlad varsa, bu zaman təqribən 950-1100 manat civarında rəsmi gəlir olmalıdır. Ailədə uşaq sayından asılı olaraq rəsmi gəlir məbləği dəyişir.

İki nəfərdən ibarət ailədə biri jurnalist, digəri qeyri-peşə sahəsində fəaliyyət göstərirsə, jurnalistin adına güzəştli ipoteka krediti rəsmiləşdirilir, digər şəxs də onunla birgə borcalan qismində çıxış edir. Yəni qanunvericilik buna imkan verir.

- Müzakirələr gedir ki, jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina satışa çıxarılacaq. Sözügedən güzəştli ipoteka kreditinə olunan dəyişikliyin də məhz bu binaya şamil olunacağı deyilir. Məsələdə həqiqət payı nə qədərdir?

- Bu məsələ barəsində konkret fikir söyləmək bir qədər çətindir. Çünki bu barədə dəqiq məlumatım yoxdur. Sonuncu dəfə jurnalistlərə mənzil təxminən iki il bundan əvvəl verilib. O dövrdən bəri müxtəlif vaxtlarda hökumətin ayrı-ayrı media mənsublarını mənzillə təmin etməsi barədə məlumatlar yayılıb. Bu, subyektiv mövqeyimdir, hesab etmirəm ki, hökumət bütün ümidlərini bilavasitə o binaya dikib və həmin bina hazırkı qanunvericiliklə müəyyən olunmuş şərtlərin bilavasitə subyekti olacaq. KİV-lərə kifayət qədər diqqət və qayğı var. Media qurumları maliyyələşdirilir, saytların maddi təminatı yaxşılaşdırılır. Bu mənada hesab edirəm ki, hökumət qarşıdakı vaxtlarda jurnalistlər üçün nəzərdə tutulan üçüncü binanı da yeni qaydalarla və başqa kriteriyalarla jurnalistlərə bağışlayacaq.

Hesab edirəm ki, jurnalistlərin də bu mənada səhvləri həddən artıq çox olub. Sorğu versək görərik ki, adında 30 daşınmaz əmlakı olan bir baş redaktor gedib jurnalistlər üçün inşa olunmuş binadan özünə və yaxud da oğluna mənzil alıb. Bu azmış kimi, haçansa ona salam verən birinin də evlə təmin olunmasına şərait yaradıb. Yaxud bu sahəyə məsul olan şəxslərin jurnalistikaya aidiyyəti olmayan qohumları, yaxınları, katibələri evlə təmin olundu. Bu, belə olmamalıdır.

- Jurnalistin güzəştli ipotekadan yararlanması üçün çalışdıqları media orqanının Media Reyestrinə daxil olması mütləqdirmi?

- Bəli, mütləqdir. Hesab etmirəm ki, Media Reyestrinə daxil olmağın şərtləri ağırdır və mümkün olmayacaq. Qənaətimcə, üzdə olan media quruluşlarının əksəriyyəti bu Reyestrə rahatlıqla daxil olacaqlar.


Müəllif: Yeganə Oqtayqızı