Albaniyanın sabiq Baş naziri və prezidentləri Bakıya gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) nümayəndələri Rumıniyanın paytaxtı Buxarestdə Albaniyanın sabiq liderləri ilə xüsusi toplantı keçiriblər. Mərkəzin üzvləri olan Albaniyanın eks-prezidenti, həmçinin sabiq Baş naziri Sali Berişa və bu ölkənin digər sabiq dövlət başçısı Rəcəb Meydani ilə müzakirələr aparılıb.
Görüşdə III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq, Albaniya-Azərbaycan mədəni münasibətlərinin inkişafında Nizami Gəncəvi Mərkəzinin rolu və sabiq prezidentlərin verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticəsi olaraq NGBM ilə birgə Albaniyada müxtəlif layihələrin həyata keçirilməsi razılaşdırılıb.
Albaniyanın müstəqilliyi dövründə çalışmış sabiq liderlər Mərkəzin dəvətini qəbul edərək 2015-ci il ilin aprel ayında Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcəklərini bildiriblər.
Qeyd edək ki, Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, NGBM və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilir. 2012 və 2013-cü illərdə müvafiq olaraq I və II Qlobal Müştərək Cəmiyyətlər Forumu baş tutub. Beynəlxalq tədbirdə əksəriyyəti sabiq dövlət və hökumət başçısı olmaqla onlarla nüfuzlu ictimai-siyasi xadim, elm və mədəniyyət nümayəndələri iştirak edib.