10 Dekabr 2014 08:35
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 9-da Vaşinqtonda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) ABŞ nümayəndəliyinin dəstəyi ilə “Diplomacy Matters Institute” qeyri-kommersiya təşkilatı tərəfindən Azərbaycanın biznes mühiti və investisiya imkanlarına həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Teleqraf.com-a verilən xəbərə görə, tədbirdə ABŞ-ın Dövlət Departamenti və Kommersiya Departamentinin rəsmiləri, Vaşinqtondakı diplomatik korpus, akademik dairələr və yerli şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə səfir Elin Süleymanov Azərbaycanın iqtisadi uğurları, həyata keçirilən iri layihələr, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə iştirakçılara geniş məlumat verib.

Beynəlxalq maliyyə institutları tərəfindən hazırlanan hesabatlarda biznes mühitinin yaxşılaşdırılması istiqamətində Azərbaycanın ən islahatçı ölkələrdən biri elan edildiyini qeyd edən diplomat ölkə iqtisadiyyatının şaxələndirilməsinin, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsinin əsas prioritetlərdən olduğunu söyləyib. Bildirilib ki, son on ildə ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulub, strateji valyuta ehtiyatları 50 milyard dolları keçib, 1 milyondan çox yeni iş yeri açılıb, sahibkarlığın inkişafı ilə bağlı mühüm tədbirlər görülüb.

Azərbaycanın kosmik dövlətlər siyahısına daxil olduğunu, enerji, nəqliyyat və İKT sahəsində həyata keçirilən regional layihələrin təşəbbüskarı və iştirakçısına çevrildiyini xüsusilə vurğulayan səfir E.Süleymanov Avropanın enerji təhlükəsizliyinin təmin olunması və bölgənin tranzit potensialının, eləcə də informasiya texnologiyalarına çıxış imkanlarının artırılmasında Azərbaycanın vacib rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir Azərbaycanın iqtisadiyyatına dair AZPROMO tərəfindən hazırlanmış təbliğat materialları paylanılıb, ölkəmizdə istehsal olunan və ABŞ bazarına ixrac olunan Azərbaycan malları nümayiş etdirilib.


Müəllif:

Oxşar xəbərlər