Dekabrın 19-da Britaniya xüsusi xidmət orqanının rəhbəri Riçard Mur Ermənistana gəldi və Baş nazir Nikol Paşinyanla görüşdü. Üç gün sonra - dekabrın 22-də xarici işlər naziri Ararat Mirzoyan Ermənistan, Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşünün planlaşdırıldığı Moskvaya getməkdən imtina etdi.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr vurğulayır ki, həmin görüşdə Laçın yolu və Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı məsələlər müzakirə edilməliydi:
“Dekabrın 25-də Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirdi ki, Azərbaycan və Ermənistan prezidentləri MDB ölkələrinin Peterburqda keçirilən qeyri-rəsmi sammitinə qatılacaq, amma üçtərəfli görüş olmayacaq.
İndi sual olunur ki, Britaniya kəşfiyyatı rəhbərinin səfərinin Ermənistan hökumətinin xarici siyasət kursunun növbəti dönüşü ilə nə qədər əlaqəsi var, xüsusən də Britaniyanın ən sərt anti-Rusiya mövqeyi tutduğunu nəzərə alsaq?
Oktyabrın sonunda Soçiyə yola düşməzdən əvvəl Paşinyan öz Tvitter səhifəsində yazmışdı: “İrəvan Rusiyanın sentyabrda təqdim etdiyi Ermənistan-Azərbaycan münasibətlərinin qurulmasının əsas prinsipləri və parametrləri əsasında işləməyə razılaşıb. Ermənistan Soçidə də bunu bir daha təsdiqləməyə hazırdır”.
Bu iki ayda nə dəyişdi? Nə üçün Paşinyan israrla Azərbaycanla istənilən vasitəçiliyi və danışıqlar imkanını məhv edir? Digər yandan, Paşinyan dekabrın 7-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti ilə danışıqlarının planlaşdırıldığı Brüsselə getməkdən də imtina edib. Paşinyan Rusiyanın vasitəçiliyindən də imtina edir. Burada məsələ heç də Laçın dəhlizi ilə bağlı deyil, çünki artıq dəfələrlə deyilib ki, bu məsələ də danışıqlar predmetinə çevrilə bilər. Bundan başqa, Ermənistan danışıqlar yolu ilə dəhlizin açılması imkanından imtina edərsə, buna nail olmağın başqa yolu varmı?”.
Nəşr qeyd edir ki, Paşinyan və onun tabeliyində olan Mirzoyan danışıqlar prosesini pozmaqla məsələlərin çözümü üçün Azərbaycanı alternativ yollara əl atmağa məcbur edir: “Riçard Murun səfərindən sonra demək olar ki, bütün analitiklər bu səfərin Rusiyanın Ermənistandan sıxışdırılması və İran ətrafında cərəyan edən hadisələrlə bağlı olduğunu deyirlər”.
Qəzetin iddiasına görə, Rusiya bu dəfə də Ermənistanı Azərbaycanla təkbaşına qoysa, bu, ölkə üçün ağır nəticələrlə bitəcək.
Erməni nəşri son gəlişmələrin İran və Rusiyanın da qatılacağı hərbi toqquşmaya çevrilə biləcəyini də iddia edir:
“Həm Rusiya, həm də İranın silahlı münaqişəyə cəlb olunması, onların bu regiondan tamamilə çıxarılması və blokadanın sərtləşdirilməsi Britaniya üçün tamamilə faydalıdır və həmin ölkənin geosiyasi maraqlarına uyğundur”.
Qəzet Ermənistan rəhbərliyinin kənar güclərin sifarişləri əsasında hərəkət etdiyini bildirir.