31 Dekabr 2022 14:57
1 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı analitiklər Laçın yolu ətrafındakı vəziyyətin Ermənistan və Azərbaycan arasında yeni hərbi toqquşmaya səbəb ola biləcəyini deyirlər.

Teleqraf.com xəbər verir ki, onlar bu barədə "Amerikanın səsi" radiosunun Ermənistan bölməsinə danışıblar.

Təhlilçi Riçard Veyts Ermənistanla Azərbaycan arasında yeni hərbi toqquşmanın mümkünlüyünü hazırkı proseslər kontekstində qeyri-mümkün hesab etmir, amma vurğulayır ki, bu gün belə bir gəlişmənin mümkünlüyünə qışın pis hava şəraiti və xüsusilə regional hadisələr mane ola bilər. Məsələn, İrandakı qeyri-müəyyənlik, Türkiyə seçkiləri və Ukraynadakı müharibə.

“Mən potensial və ya planlaşdırılan gərginlikdən əsər-əlamət görmürəm, amma son illərin təcrübəsindən bilirik ki, hərbi münaqişə istənilən səbəbdən çox tez alovlana bilər”, - Veyts deyib.

Öz növbəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Laçın yllu ətrafında yaranmış vəziyyəti münaqişənin yenidən başlanması üçün ciddi təhlükə kimi görür. Bununla belə, ermənipərəst siyasətçi baş verənlərə görə “ənənə”sinə uyğun olaraq, əsl təxribatçıları - Ermənistanı və separatçıları yox, Azərbaycanı ittiham edib.

Eyni zamanda, Kozlariç Ermənistanla Azərbaycan arasında birbaşa dialoqun önəmini vurğulayır. O, iddia edir ki, nə ABŞ, nə Avropa Birliyi, nə də Rusiyanın vasitəçiliyi birbaşa ikitərəfli təmaslar qədər müsbət nəticə verə bilər.

“Elə bir vəziyyətə düşdük ki, prosesə ruslar nəzarət edirlər, artıq sülhə, Ermənistan və Azərbaycanın birbaşa həll etməli olduğu məsələlərin müzakirəsinə yaxın deyilik”, - Kozlariç bildirib.

Onun fikrincə, Rusiya Ermənistan və Azərbaycan arasında sülh istəmir.

Kozlariç Rusiya sülhməramlılarının da bölgədə gərginliyin saxlanılmasında önəmli rol oynadıqlarını deyib: “Onlar Ukraynada sübut etdilər ki, qonşu ölkələrdə sülhməramlı rolu oynaya bilməzlər”.

Riçard Veyts də Moskvanın Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını istəmədiyi, gərginlik üzərindən öz oyununu oynamaq arzusunda olduğu fikri ilə razılaşır:

“Onlar problemi aktiv və həll edilməmiş saxlamaq istəyirlər, amma indiki məqamda konfliktin yenidən alovlanmasına tərəfdar deyillər. Onların qüvvə problemi var, xüsusən də Ukraynada. Düşünmürəm ki, Moskva indi daha çox sülhməramlı cəlb etməyə və ya yeni münaqişəyə girişməyə çalışacaq”.

Veyts söyləyir ki, Rusiya sülhməramlıları hər iki tərəf tərəfindən tənqid olunsa da, Moskva Qərbdən fərqli olaraq Ermənistan və Azərbaycan arasındakı prosesdə əsas rol oynamaqda davam edir.

Amerika tərəfi BMT Təhlükəsizlik Şurasının iclasında tərəflərə birtərəfli, ikitərəfli və ya çoxtərəfli formatda dəstək vermək istədiyini açıqlasa da, konkret təşəbbüs irəli sürülməyib. Onun fikrincə, Ermənistan-Azərbaycan məsələsi müəyyən qədər bağlı olduğu digər problemlərlə müqayisədə bu gün Qərb üçün prioritet deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər