“Paşinyan və beynəlxalq aləmi hər dəfə başa salmaq lazımdır ki, Qarabağdakı separatçılar tərksilah və bölgədə Azərbaycan qanunlarının tətbiqi təmin edilməyənə qədər təhlükəsizlik məsələlərinə baxılmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın sülh müqaviləsi ilə bağlı son açıqlamasına diqqət çəkib:
“Ermənistan hökumətinin Bakıya göndərdiyi sülh sazişinin mətnində yenə Qarabağla bağlı bənd varsa, bu dəfə də heç nə alınmayacaq. Paşinyan mətni Bakıya göndərdikdən sonra Münhen Təhlükəsizlik Konfransına gedəcək və orada özünü “sülhpərvər” kimi göstərməyə çalışacaq. Paşinyanın Münhendə arqumenti bu olacaq ki, “sülh təklifləri”nə Bakıdan cavab gözləyir.
Təsadüfi deyil ki, İrəvan mətni keçmiş həmsədr dövlətlərə - ABŞ, Fransa və Rusiyaya da göndərib. Paşinyan beynəlxalq aləmin diqqətini cəlb etmək məqsədilə başqa bir hiyləyə də əl atıb. “Qarabağın təhlükəsizliyi beynəlxalq təminat altında olmalıdır” fikrini yaymağa başlayıblar.
Paşinyan və beynəlxalq aləmi hər dəfə başa salmaq lazımdır ki, Qarabağdakı separatçılar tərksilah və bölgədə Azərbaycan qanunlarının tətbiqi təmin edilməyənə qədər təhlükəsizlik məsələlərinə baxılmayacaq”.