1 Mart 2023 09:28
2 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Yunus Əmrə İnstitununun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Selçuk bəy, Azərbaycana olan münasibətinizdən başlamaq istərdik. Ölkəmizi çox sevirsiniz. Bu sevgi haradan qaynaqlanır?

- Bəli, hər kəsin həyatda sevdiyi var. Böyük xalq ozanlarımızdam olan Neşet Ertaş mahnılarının birində “İki böyük nemətim var: Biri anam, biri də yarımdır” deyir və belə davam edir: “Hər ikisinə hörmətim var, biri məni var etdi, digəri yar etdi".

Bəzi insanlar ən müqəddəs varlığımız olan anasını, bəziləri həyat yoldaşı ilə, bəziləri uşaqlarını, dostlarını, bəlkə də qəribə gələcək, avtomobillərini, evlərini və ya bağçalarını bir çox dəyərlərdən üstün tuturlar. Təbii ki, sevgi ürəkdən gəlir və yenə Neşet Ertaşa görə, “ürəkdən ürəyə bir yol var, görünməz, könüldən-könülə gedər”. Məncə, biz bu dünyaya ancaq sevmək üçün gəlmişik. Təbiətin və yaradılışın yeganə məqsədi sevməkdir.

Hamı anasını çox sevir, çünki onlar yer üzünün mələkləridir. Bilirsinizmi, anam savadsızdır, yeddi bacı-qardaşını kənddə böyüdüb, fədakar, dünyadan uzaq bir qadındır. Ankarada dəfələrlə yoxladım. Anam xalamgilə getmək istəyəndə avtobusa birlikdə minər, xalamgilin evinə qədər aparar və ya avtobusa mindikdən sonra şürücüyə "filan dayanacaqda anamı düşürərsiniz" deyə xahiş edərdim. Yəni anam bir yerdən başqa yerə getməyə çox qorxurdu, yolu azacağını düşünürdü.

Amma anamın Anadolu mədəniyyəti var idi. Anam Qarabağ işğal olunanda göz yaşlarını saxlaya bilmədi. 1992-ci ildə evimizdə ağ-qara rəngsiz televizor var idi. TRT-də xəbərlərə baxan anamın dizlərini döyüb dərindən ah çəkdiyi günü xatırlayıram. Mənim on yaşım var idi və nə baş verdiyini bilmirdim. Amma uşaq ürəyimdə formalaşan daxili intuisiyam ilə dedim ki, ana, nə olub? Anam cavab verdi ki, kafirlər qardaşlarımızı öldürür, Azərbaycan bizim torpağımızdır.

Bayaq dedim ki, anam nəinki bir ölkənin adını, yaşadığı məhəllənin adını belə bilməz. Bəs, necə oldu ki, erməni quldur dəstələrinin Azərbaycana hücumunu hiss etmişdi? Azərbaycan harda idi, o, necə bizim torpağımız olurdu? Anam özünün daxili səsinə qulaq asıb, məni illər əvvəl gəldiyimiz Azərbaycana apardı. Azərbaycanın adını, bu torpaqlarda yaşayan yerli xalqın əzab-əziyyətini, özümüzü, kökümüzü ilk dəfə anamdan eşitdim və Azərbaycanı içdən-içə böyüyən bir məhəbbətlə sevdim.

Sonra nə oldu? Yəqin ki, bu sevgini böyüdən başqa səbəblər də var? Yaşadığımız həyatın maraqlı bir tənliyi var. Nə istəsən, Allah onu ürəyinə ilmə-ilmə işləyər. Bu illər ərzində Azərbaycan sevgisi ürəyimdə şah damara çevrilib. Qarabağ işğal olunanda 10 yaşım var idi. Beş-altı ildən sonra orta məktəbə getmişdim. Orta məktəbdə ədəbiyyat dərslərimizdə Bəxtiyar Vahabzadənin “Mənim anam” şeiri çıxmışdı. Bu şeiri oxuyanda 7-8 il əvvəli düşünüb, anamın dediklərini xatırlamışdım. O gündən sonra tapdığım kitablarla Azərbaycan ədəbiyyatını oxumağa başladım. Təbii ki, çox xoşuma gəldi.

Amma mənə əsl Azərbaycan sevgisini aşılayan, məni bir aşiq kimi Azərbaycana aparan, çağdaş türk ədəbiyyatının önəmli şairlərindən biri Yavuz Bülent Bakiler oldu. Onunla tanış olandan sonra həyatım dəyişdi. Azərbaycanın pərəstişkarı oldum. Bildiyiniz kimi, Yavuz Bülent Bakiler Qarabağ-Ağdam əsilli və babaları 1800-cü illərdə Türkiyəyə köçmüş bir ailənin üzvüdür. Ötən əsrin 80-ci illərində Türkiyədə ilk Azərbaycan şeirlərini yazan Bakiler olub, Qarabağ həsrəti ilə şeirlər oxuyan da ondan başqa heç kim olmayıb.

Milli romantik şairlərimizdən Yavuz Bülent Bakilerin 1966-cı ildə yazdığı "Qarabağ həsrəti" şeirində "Şimdi uzaklarda kalan bir şehir vardır Câmileri yıkılmış, minâreleri yarım… Bu şehrin çilesini ben çekerim yıllardır Hasretini ben duyarım. Öz yurduma yıllar yılı hasret duyarak Mecnun gibi, Ferhat gibi bir gönül verdim. Bir gelen olsaydı Karabağ’ımdan Gider ayaklarına gözlerimi sürerdim",-deyir.

“Qarabağ həsrəti”ni şeir yazılandan 33 il sonra - 1999-cu ildə oxumuşam - o günkü əhval-ruhiyyəmi təsəvvür edə bilərsiniz! İşğal edilmiş şəhərin, dağıdılan məscidlərin, məhv edilən sivilizasiyanın, zülmə məruz qalan insanların faciəvi mənzərəsi məni çox kədərləndirdi. O zaman 17 yaşım var idi. Və yenə də onun “Azərbaycan” şeirindəki aşağıdakı misralar yuxumu pozur, Bakıya, Gəncəyə, Qarabağa, Şəkiyə, Şuşaya getmək ümidi ilə yaşayırdım.

İllər sonra Niğde Universitetinin ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı ixtisasına qəbul oldum. Əslində, türk dili və ədəbiyyatı müəllimiyəm. Üçüncü kursda “Çağdaş türk ləhcələri və ədəbiyyatı” adlı seçmə dərsimiz var idi və bu kursda birini seçməli olduq: Müasir Azərbaycan türkcəsi və ədəbiyyatı, özbək türkcəsi və ədəbiyyatı, qazax türkcəsi və ədəbiyyatı... Sizi bütün şərəfimlə əmin edə bilərəm ki, mən bütün türk xalqlarını sevsəm də, türk dünyasının sıravi bir nəfəri olsam da, tərəddüd etmədən Azərbaycan türkcəsini və ədəbiyyatını seçdim. Mən niyə kor-koranə Azərbaycan türkcəsi və ədəbiyyatı kursunu seçdim? Bu, illər keçdikcə içimdə böyüyən bu sevgiyə bir addım da yaxınlaşmaq, onun əlindən tuta bilmək arzusu idi.

İlin sonunda həm Azərbaycan ədəbiyyatını bir az da yaxından tanıdım, həm də Azərbaycan dilinin möhtəşəm melodiyasını hiss etdim. Dördüncü kursa gedəndə bilirsiniz nə baş verdi? Allah bir daha ürəyimi Azərbaycanla qovuşdurdu. Fakültədən məzun olmaq üçün hazırladığım dissertasiya işim Yavuz Bülent Bakiler, yəni Azərbaycan türkünün həyatı idi, onu öz istəyimlə seçdim və məmnuniyyətlə yazdım. Amma ən diqqət çəkən odur ki, dostum Mehmet Harmana müəllimimiz Mirzə Ələkbər Sabirin "Hophopnamə" adlı əsərini müdafiə işi mövzusu olaraq verməsidir.

Kitaba marağımı bilən və bu kitabı ancaq mənim tapa biləcəyimi düşünən dostum “Hophopnamə”ni axtarmağımı xahiş etdi. Ankarada ikinci əl kitab satıcılarımdan mərhum Ethem bəy var idi. Onun yanına getdim, amma gedər-getməz "Hophopnamə" kitab mağazasının vitrinində mənə gülümsəyirdi. Günlərlə “Hophopnamə”ni oxuyanda gördüm ki, Mirzə Ələkbər Sabir qeyri-adi bir şairdir. Onun “Qorxuram” şeirini oxuyanda ürpərdim. Həqiqət üzümüzə şillə kimi dəyirdi. Allah Mirzə Ələkbər Sabirə rəhmət etsin!

Nəhayət, Bakıya ilk səfərim 2014-cü ildə oldu. "Türk kinosu həftəsi” münasibətilə etdiyim üç-beş günlük səfər ərzində Bakının küçə və prospektlərində dolaşmaqla, onun havasını udmaqla, Xəzərin sahillərinə gedib, həsrətlə baxmaqla məşğul olmuşam. Bilirsinizmi, Yavuz Bülent Bakiler Şahmar və Bəxtiyarla Xəzərin sahilində oturub, çay içib, söhbət ediblər. Onların arasında mən də varmış kimi Xəzərə gedib, onların yaşadıqları çayxananı tapmağa çalışdım. Xəyalımda tapdığım çayxanada saatlarla oturub, onlarla söhbət edirdim.

Mən azərbaycanlı qardaşlarımla bir yerdə idim, küçələrdə hər addımda salamlaşırdım. Heç kimi tanımırdım, bircə dostum yox idi, amma küçədə gördüklərimlə salamlaşıb, söhbət etməyi çox sevinirdim. Türkiyəyə qayıdarkən çəkdiyim ağrıları təsvir edə bilmirəm. Təyyarə havaya yüksəlib, Bakı səmalarına qalxanda üstümə dərin bir hüzn çökdü və Yavuz Bülent Bakilerin “Azərbaycan ürəyimdə şahdamardır” şeirini ağlaya-ağlaya oxudum.

Mənim Azərbaycana olan sevgim o gündən-bu günə artmaqda davam edir. Azərbaycan ürəyimin şah damarıdır, böyük sevgidir. Bunu ürəkdən deyirəm. Mən üç ildir Azərbaycandayam, burada tapdığım rahatlığı təsvir edə bilmirəm.

- Siz İkinci Vətən Müharibəsinin canlı şahidi oldunuz. Təəssüratlarınızı eşitmək istərdik.

- İkinci Vətən müharibəsi başlayan gün öz-özümə “İndi bu iş bitəcək və Qarabağ azad olunacaq!” deyə düşündüm. 27 sentyabrda başlayan və 44 gün davam edən bu mübarək mübarizənin sonunda Azərbaycan ordusu möhtəşəm qələbə ilə öz torpaqlarını işğaldan azad etdi. Mən hər gün möhtərəm prezident İlham Əliyevin üzündəki təbəssümdən anladım ki, bir yer daha azad edilib, addım-addım qələbə qazanılır.

Cənab prezident İlham Əliyev işğaldan azad olunan rayonları elan edən kimi dərhal telefonu götürdüm, Yavuz Bülent Bakilərə zəng etdim, “Müəllim, Füzuli, Zəngilan, Ağdam azad oldu" söylədim. Demək olar ki, 44 gün belə xoş xəbərlərlə keçdi. 87 yaşlı Yavuz Bülent Bakiler hönkür-hönkür ağlayırdı. “Səlçuk, bilsəm ki, bu yaşımda məni orduya qəbul edəcəklər, gəlib döyüşərdim!” deyirdi. Noyabrda Şuşa işğaldan azad olunanda sevincdən ağladım, o günü heç vaxt unutmayacam.

- Torpaqlarımız işğaldan azad edildikdən sonra bir neçə dəfə Şuşaya səfər etdiniz. Bu haqda məlumat verməyinizi istərdik.

- Bəli, Şuşanın azad edilməsindən sonra Şuşaya səfər etdim, 2021-ci ilin avqustu idi. Şuşanı ilk dəfə o gün gördüm, mənzərə dəhşətli və faciəli idi: Azərbaycan sivilizasiyasının məskəni Şuşa işğal və talan mərkəzinə çevrilmişdi. Bələdçimiz bizi ilk dəfə Molla Pənah Vaqifin məqbərəsinə aparanda titrədim. Şuşanın memarı Vaqifin məzarı dağıdılmışdı. Kaş ki, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın büstlərindəki güllə izlərini görməsəydim! Elə bil o güllələr mənə atılmışdı, ürəyim parçalandı.

Tarixin ən qəddar genoistləri olan ermənilər həm də tarix və mədəniyyət oğruları, üstəlik, mədəniyyət qatilləri idilər. Azərbaycan xalqını məhv edə bilmədikləri üçün ölkəni yaradan dəyərlər zəncirini yox etmək, xalqı öz sivilizasiyasından çıxararaq məhv etmək istədikləri üçün onlara güllə atmışdılar. Vaqifin məqbərəsini taladılar, Bülbülün evini yandırdılar, məscidləri dağıtdılar, tövləyə çevirdilər. Azərbaycanın zəngin sivilizasiyasını tarixdən silmək istədilər. Bunlar tarix oğruları, sivilizasiya qatilləridir. Bu zalımların, əli qanlı, qadın-kişi fərq etmədən uşaqları, qocaları, gəncləri qətlə yetirən, ürəyi paslanmış bu vicdansız insanların, Qarabağda Azərbaycan türklərinə qarşı törətdiklərini gördükdən sonra nə hiss edə bilərdim?

Məni Çıldır düzünə, uzun, yamyaşıl bir düzənliyə apardılar... Qarşımda pastoral bir təbiət... Səssizcə, zərbə almış kimi qayalara qədər getdim. Uçurumun kənarına gəldim, bir addım irəlidə dərin uçurum vardı, özümü o qədər itirmişdim ki, türk kinosunun ən önəmli ssenaristlərindən biri, “7-ci kameradaki möcüzə” filminin ssenari müəllifi Kubilay Tat arxamdan gələrək məni səssizcə geri çəkdi. “Nə edirsən, usta, dedi, uçurumun bir addımlığında, nə olub?”, deyə soruşanda gördüklərim qarşısında ancaq bunu deyə bildim: “Artıq uçurumun kənarındayam, ustad, bu nədi Allah xətirinə...”

Bizi həbsxanaya apardılar, ürəyim götürmədi, dözmədim, çıxdım. Sonra növbəylə daha beş dəfə Şuşaya getdim. Sonuncu dəfə 2023-cü il yanvarın 21-də Şuşada oldum. Qarlı-dumanlı havada Şuşanı yenidən gördüm. Hər şey bərpa olunur və yenidən qurulur. Mən Vaqifin məqbərəsini yenidən ziyarət etdi. Ən təsirlisi 1982-ci ildə ümummilli lider Heydər Əliyevin tikdirdiyi məqbərənin şəkilləri, onun yanında dağıdılmış məqbərə, nəhayət, prezident İlham Əliyevin yenidən tikdirdiyi məqbərə...

İvan Turgenevin “Atalar və oğullar”əsərini əsərini xatırladım. Heydər Əliyevin Azərbaycan mədəniyyətinə verdiyi töhfəni bundan gözəl izah edə biləcək başqa bir misal olmasa da, onun yaratdıqlarını məhv edən tarix oğrularına möhtərəm prezidentin cavabı məni həm sevindirdi, həm də təsirləndirdi. Mən duyğulandım, daha çox dözə bilmədim.

Bülbülün evinə də baş çəkmək imkanım oldu. Bülbülü Ev Muzeyin rəhbəri dostum Fəxrəddin Hacıbəylinin nəfis nəqli və mükəmməl biliyi ilə yad etdim. Amma evinin bağçasında başına endirilən çəkici heç vaxt unutmayacağam. Bu çəkic bir sənətkara, bir azərbaycanlıya endirilməmişdi, yox, bu, bəşəriyyətə vurulmuş çəkicdir. Mədəni görsənən Avropanın əsl simasıdır.

- Müsahibələrinizin birində qeyd etdiyiniz "İnsanlar çox kötü idi, kitablara sarıldım" ifadəsiylə bağlı fikirləriniz maraqlıdır. Bu ifadə həyatınızda nəyi dəyişdi?

- Bu söz türk düşüncəmizin, ədəbiyyatımızın böyük adlarından biri olan Cəmil Meriçə məxsusdur. Cəmil Meriç yüksək zəkaya və üstün düşüncə qabiliyyətinə malik bir ziyalıdır. Çox istərdim ki, onun kitabları Azərbaycanda nəşr olunsun. Onu oxuyan insanın həyatı tamamilə dəyişir. Mən də onlardan biriyəm.

Cəmil Meriç yolunu azmış və ya axtardığını tapa bilməyən insana işıqlı bir qapı açır. “İnsanlar çox pis idi, kitablara sığındım” cümləsi ilə tanış olanda universitetin birinci kursunda oxuyurdum. Bu həyatın yaxşı üzünü də, pis üzünü də görmüşəm. İnsanın necə bir varlıq olduğunu bilirsinizmi? Xeyirlə-şəri eyni anda özündə saxlayan, nə vaxt pislik, nə zaman yaxşılıq edəcəyi bilməyən naməlum bir şəxsdir.

İnsanların pisliyini, amansızlığını gördükcə kitablara sığındım. Onlar mənim ən səmimi və sadiq dostlarımdır. Məni həyata bağlayan, köhnə və yeni dünyanı öyrənməyə kömək edən kitablarım olub. 10 min kitabım var, hamısını oxumuşam. Kitablarım olmasaydı, bu gün qarşınızda rahat danışa, fikrimi düzgün izah edə bilməzdim.

Üstəlik, yeni kitablar yaza, fikirlərimi oxucu ilə bölüşə bilməzdim. Cəmil Meriçin özü mənə təsir etdi, bəlkə də buna görə həyatım dəyişdi. Kitab yeni bir kəşfdir. Kitab sözlərin fəthidir. Dəyərli müəllifləri, önəmli kitabları oxuduqca insanın dünyası dəyişir.

- Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin rəhbəri kimi gələcəkdə Azərbaycanla bağlı nə kimi planlarınız var?

- Bu il Türkiyə Cümhuriyyətinin 100 illiyi, eyni zamanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Bununla yanaşı Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” oldu. Cümhuriyyətimizin 100 illiyi ilə bağlı konsert, kino və ədəbiyyat festivalları, kitab sərgiləri, müəllif görüşləri kimi kimi layihələrimiz olacaq.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı məqalə yazdım. Məqalə “Ümummilli Romantik Lider Heydər Əliyevin mədəniyyət adamı kimi portreti” adlanır. Heydər Əliyevin Azərbaycan sivilizasiyasına necə töhfələr verdiyini yazmaqla onun əsl böyüklüyünü izah etdim. Şuşaya aid xüsusi proqram ideyamız var. Keçən il Şuşanı tanıtmaq üçün Türkiyədən iki yutuber gətirdik. Kerem Gök tərəfindən çəkilən videoları 435 min insan izləyib. Bu il Türkiyənin ən böyük televiziya kanallarından birini Şuşanın tarixini, sivilizasiyasını və yeməklərini tanıtmaq üçün dəvət etmişik.

Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyi olaraq Azərbaycanın Mədəniyyət Nazirliyi ilə çox sıx əməkdaşlıq edirik. İnşallah, bu proqramı Şuşada keçirəcəyik.

- Son olaraq, nə demək istərdiniz?

- Mövzu Azərbaycanla bağlıdırsa, deyəcəklərim bitərmi?! Azərbaycanla bağlı kitab yazıram. Kitabda xatirələrimi, gördüklərimi, şahidi olduqlarımı qələmə alıram. Azərbaycan kitabı olacaq. Mən Azərbaycan və Türkiyənin ziyalıları və sənət adamları arasında güclü və möhkəm sevgi yaratmaq istəyirəm. Onların Azərbaycanı düzgün tanımasını, başa düşməsini, sevməsini istəyirəm. Hər cümləsi sevgi ilə yazılmış bu kitab, əslində, mənim ölməz sevgimin hekayəsidir. Əslində, kitaba bir neçə ad düşünmüşəm, hələ dəqiq qərar verə bilmirəm.

Anamdan aldığım Azərbaycan sevgisini Yavuz Bülent Bakilerlə böyütdüm. Azərbaycana gələndə ayıq şüurla, məhəbbətlə gəldim. Xidmətlərimə görə, Azərbaycan Mədəniyyət Nazirliyi tətəfindən 2021-ci ildə Nizami Gəncəvi, 2022-ci ildə isə Şuşa ordeni ilə təltif edildim. Mən bu nişanları əbədi olaraq saxlayacam.

Mən Azərbaycan pərəstişkarıyam, buraya sevgimi böyüdərək gəlmişəm, indi bu sevgini susqunluqda, öz ürəyimdə yaşayıram. Dediyim kimi, mən Azərbaycan xalqına, sivilizasiyasına heyranam. Bilmirəm qismət olacaqmı, amma ən böyük arzularımdan biri Azərbaycan dövlət ordeninə sahib olmaqdır. Bu dünyada görə biləcəyim ən böyük hədiyyə olacaq.

Türkiyənin və Azərbaycanın fərdi olaraq, onun xoşbəxtliyi üçün çalışmaq mənə bu kifayət edər. Azərbaycan qəlbimdə şah damarımdır!


Müəllif: Foto: Elnur Muxtar, Rəqsanə Həsənova

Oxşar xəbərlər