“Belə görüşlər, belə təmaslar əvvəl-axır olmalıdır. Çünki nə biz, nə də ermənilər burdan köçüb başqa yerə getməyəcəyik”.
Bu sözləri Teleqraf.com-a Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, vaxtilə xalq diplomasiyası çərçivəsində Ermənistana səfər etmiş xalq yazıçısı Kamal Abdulla Qarabağın erməni icması nümayəndlərinin Bakıya dəvət edilməsinə münasibət bildirərkən deyib.
Onun fikrincə, müharibədən sonrakı dövrdə inteqrasiya məsələsini həyata keçirmək üçün belə görüşlər labüddür:
“Biz həmişə deyirik ki, onlar bizim vətəndaşlarımızdır. Bizim vətəndaşımız olmağa can atırlarsa və bunun üçün gəlib müxtəlif görüşlərdə iştirak edirlərsə, buna müsbət baxmaq lazımdır. Qədim zamanlarda müəyyən vaxtdan sonra ermənilər də bu torpaqda yaşayıblar və sovet dövründə olduğu kimi indi də bizim vətəndaşlarımız sayılırlar. İndi bu vətəndaşlığı yenidən təsdiq etmək istəyirlərsə, bunu onlar tərəfdən atılan ağıllı bir addım kimi qəbul etmək lazımdır.
Nəhayət, mübarizəyə son qoyuldu, 44 günlük müharibə nəticəsində arzularımız yerinə yetdi. Ona görə mənə elə gəlir ki, müharibədən sonrakı dövrdə inteqrasiya məsələsini ciddi şəkildə həyata keçirmək lazımdır. Sərhədlərin dəqiq cızılması, Zəngəzur yolunun açılması, başqa məsələlərin həlli bu kontekstdə asan və daha effektiv şəkildə həll oluna bilər”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.
Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.