Erməni tərəfi prezidentlərin Paris görüşü günü başlamış qondarma prosesi sona çatdırmaqla ən azı üç hədəf güdür; Rusiyanın çağırışını düşmən ciddiyə alacaqmı?..Qarabağa görə başlayan erməni-Azərbaycan münaqişəsi tarixinə 29 dekabr - presedenti olmayan bir gün kimi düşə bilər. Məhz bu gün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin inzibati mərkəzi Xankəndində qondarma məhkəmə öz ata-baba yurdunu ziyarət etməyə gedərkən girov götürülən kəlbəcərli soydaşlarımız - Dilqəm Əsgərov və Şahbaz Quliyevə “hökm” oxumalıdır.
Artıq məlumdur ki, olmayan “dövlətin ittihamçısı” Dilqəmə nə az, nə çox - ömürlük, Şahbaza isə 22 il həbs cəzası tələb edib. Buna kimi isə guya soydaşlarımızla ilgili bütün hüquqi prosedurlar həyata keçirilib, onlar hətta “vəkillə” də təmin olunublar.
Belə bir məhkəmə məzhəkəsi əlbəttə ki, ən əvvəl separatçı rejimi dünyaya beynəlxalq hüququn müstəqil subyekti kimi, “baş tutmuş sivil dövlət” qurumu olaraq təqdim etmək cəhdlərinin tərkib hissəsidir. Təəssüf ki, Rusiyanın ilhaq elədiyi Krıma qarşı bütün dolağı ilə sanksiyaları işə salan, Krımdakı yerli idarə və icra strukturlarını, o sırada hüquq-mühafizə orqanlarını qeyri-legitim elan edib onun rəhbərlərinin Qərb ölkələrinə girişini yasaqlayan ABŞ və Avropa Xankəndində neçə aydır davam edən saxta prosesə biganəlik göstərdilər. Bununla da faktiki surətdə iki günahsız mülki şəxsin terror yolu ilə oğurlanıb “mühakimə” olunmasına seyrçi mövqe sərgiləmiş oldular.
Amma nə qədər qəribə də olsa, prosesə etiraz Rusiyadan gəldi. Rusiya xarici işlər naziri Sergey Lavrov “girovlar ya azad edilməli, ya da mübadilə olunmalıdır” söyləməklə əslində azərbaycanlı mülki girovların günahsız olduğunu təsbit elədi. Paralel surətdə “məhkəmə prosesi”nin legitimliyini Rusiya adından şübhə altına alınmış oldu.
Məsələnin ən intriqalı özəlliyi də elə odur - Rusiyanın Xankəndindəki prosesi etibarsız, qeyri-legitim sayması. Bunun ardınca İrəvanın hansı qərar çıxaracağı çox maraqlıdır - ermənilər strateji müttəfiqin sözünü yerə salacaq, yoxsa humanizm göstərərək günahsız insanları azad edəcək?
Hələlik suala birmənalı cavab vermək, nikbin nəsə söyləmək çətindir. Həm də o səbəbə ki, noyabrın 12-də Ağdamda erməni hərbi vertolyotunun vurulmasından sonra erməni tərəfi növbəti dəfə siyasi-diplomatik fiaskoya uğrayaraq rüsvay olmaq istəmir, əksinə, təbliğati revanş götürməyə çalışır. Bu, məsələnin birinci və prinsipial cəhəti.
Saxta məhkəmə prosesində daha iki detal diqqət çəkir. Onlardan biri budur ki, Dilqəm Əsgərov nəinki erməni gənci qətlə yetirməkdə, eyni zamanda həmin gənci guya məhz erməni olduğuna görə öldürməkdə suçlanır. Şübhə yox ki, bu detal boşuna “cinayət işə”nə daxil edilməyib. Bununla sözsüz ki, düşmən tərəf qətlə bir yandan milli ədavət donu geydirməklə onu daha inandırıcı eləmək, olayı böyütmək, digər yandan isə sonradan girovların azad edilməsini qəlizləşdirmək, əfv şanslarını heçə endirmək, yaxud onlardan siyasi alver kimi yararlanmaq zərurəti yaranacaqsa, alverin stavkasını qaldırmaq məramı güdür.
Aparılan “məhkəmə” təhqiqatından diqqəti çəkən ikinci mühüm detal budur ki, erməni tərəfi bu yolla həm də Ramil Səfərovun bir neçə il öncə Macarıstandan alınaraq azadlığa buraxılmasına görə Azərbaycandan özünəməxsus şəkildə qisas almağı hədəf seçib.
İşğalçıların bu hədəflərdən hansına nail olacağı, yaxud olmayacağı yaxın günlərdə - saxta hökmə veriləcək reaksiyalardan bilinəcək. Görək, ATƏT-in Minsk Qrupu həmsədrləri, ələlxüsus ABŞ və Fransadan olan vasitəçilər yenə ağızlarına su alıb duracaqlar, yoxsa... Böyük ehtimalla, işğalçı tərəf öz “sifətini” saxlamaq üçün soydaşlarımıza kifayət qədər yüksək cəza kəsəcək.
Yeri gəlmişkən, Xankəndidə kəlbəcərli girovlar üzərində qondarma proses məhz Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu - Paris görüşü günü, oktyabrın 27-də start götürüb. O zaman tarix təsadüfi seçilmədiyi, nizamlama prosesinə zərbə vurmaq, görüşün effektini azaltmaq məqsədi güdürdüsə, “məhkəmə”nin yekun qərarı onsuz da dalana dirənmiş sülh prosesinə növbəti zərbə ola bilər. /musavat.com/