14 Mart 2023 13:11
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Teleqraf.com-un redaktoru, publisist, şair, yazıçı Qurban Yaquboğlunun 55 yaşı tamam olur.

Teleqraf.com xatırladır ki, 1968-ci il martın 14-ü Şamaxının Çöl Göylər kəndində doğulan Qurban Yaquboğlu Bakı Dövlət Universitetinin məzunudur.

“Xəzər” jurnalında, “525-ci qəzet”də, “Ədalət”, “Yol”, “Rezonans”, “Bu gün”, “Şans”, “Avropa”, “Yeni yüzil”, “Gün səhər” qəzetlərində çalışıb.

Teleqraf.com saytının redaktorudur.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2015-ci ildə jurnalistikadakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

“Mən yoxam” kitabının (roman və esselər) müəllifidir.

Qurban Yaquboğlunun şeirini təqdim edirik:

***

Adaşım yox, bu, mənəm,
Məni də gör, İlahi.
Yıxılmışam, nə yaman
Uzaqmış yer, İlahi.

Çoxdandı səsim çıxmır,
Ağlayaram - görərsən.
Qapımın cəftəsini
Bağlayaram - görərsən.

Küləyin harda yatıb,
Günəşin harda batıb?
Odunun odu yoxdu.
Ağzımdan dadmı qaçıb,
Ağzımın dadı yoxdu.

Düşürəm pillələri,
Bax gedirəm, İlahi.
Deyəsən, uzaqlarda
Yer görürəm, İlahi.
Yer tikərəm özümə,
Göy hörərəm, İlahi.

...İndi ümidlər qalıb
Əsən mehə, küləyə.
Dayanmışam, baxıram
İki göz, bir ürəyəm.

***

Bax bu kağız, bu da qələm

Bəlkə yazım: “Gəlmişəm”.

Zalım qızı, görmürsənmi

Bu gün sizə gəlmişəm.

Məni yola salarsanmı?

Hara yola salasan...

Bəlkə cığır göstərəsən,

YOLA yola salasan.

Yox, görmədim, zalım qızı,

Yox, eşitdim getmisən.

Qaranlığa göz qoyurdum,

İşıq düşüb getmisən.

***

Təmənna

Ehey, yoldan keçən dərviş,

Hu çağırsam baxarmısan?

Çubuq-çubuq nərdivanla

Bu xanəyə qalxarmısan?

Bir yaxşılıq elərmisən?

Ah-nalədən çəkinməyib,

Xəncər alıb

Düz köksümə saplarmısan?

Hanı dərvişin cavabı,

Qalmadı könlümün tabı...

Mövlam, oxudum kitabı,

Kitabımı bağlarmısan?


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər