5 Aprel 2023 11:56
3 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonundakı 3 saylı uşaq evində qalan yeniyetmə Məhəmməd Hacıyevin 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsindən sonra bu xəstəxananın baş həkimi Ağahəsən Rəsulov onun ruhi xəstə olmadığı ilə bağlı açıqlama verib.

Açıqlamadan bir gün sonra səhiyyə naziri Teymur Musayev Psixiatriya Xəstəxanasının baş həkimi, əməkdar həkim Ağahəsən Rəsulovun yaş həddininə əsasən vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb.

Teleqraf.com sabiq baş həkim Ağahəsən Rəsulovla əlaqə saxlayıb.

Ağahəsən Rəsulov işdən azad olunması ilə bağlı açıqlama verməkdən imtina edib: "Bu barədə danışmaq istəmirəm".

O, müvafiq sualları Səhiyyə Nazirliyinə ünvanlanmaığı məsləhət görüb.

Ağahəsən Rəsulov Məhəmməd Hacıyev haqqında dediklərinin üstündə durduğunu təkrarlayıb.

Qeyd edək ki, 3 saylı Uşaq evində qalan Məhəmməd Hacıyev iddia edib ki, orada uşaqlar normal qidalanmır, onlara quru çörək verilir. Müəssisəyə gələn ərzaq onlara çatdırılmır: “Ərzağı aparırlar. Əti bişirirlər, sümüyünü bizə verirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.

Yeniyetmənin sözlərinə görə, Uşaq evinin direktoru onun ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb.

Məhəmməd Hacıyev martın 23-də ərazi üzrə polis əməkdaşları tərəfindən Respublika Psixiatriya Xəstəxanasına aparılaraq ora təhvil verilib.

Ağahəsən Rəsulov bir gün əvvəl sitat.info-ya yeniyetmənin durumu ilə bağlı açıqlama verib: “O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər